Rusiyadan daha bir ölkəyə SANKSİYA: 2 nazirin və 9 məmurun ölkəyə girişi qadağan edildi
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Kanadanın Ədliyyə naziri David Lametti və Regional İşlər naziri Dominik LeBlank da daxil olmaqla bu ölkənin 9 dövlət məmurunun Rusiyaya müddətsiz girişinə qadağa qoyulduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Rusiya buna səbəb olaraq həmin şəxslərin Rusiya əleyhinə çıxışlara qatılmasını göstərib.
Mariya Zaxarova yazılı açıqlamasında Kanada rəhbərliyinin Rusiyaya qarşı müxtəlif səviyyələrdə təşəbbüsləri dəstəklədiyini bildirib.
Kanadanın Ukrayna və Baltikyanı ölkələrin Rusiyaya qarşı ittihamlarını dəstəklədiyini və Rusiyanın daxili işlərinə qarışmağa cəhd göstərdiyini bildirən M. Zaxarova Kanadanın müxalifətçi Aleksey Navalniyə işgəncə verildiyi iddiası ilə bəzi Rusiya vətəndaşlarına sanksiya tətbiq etdiyini xatırladıb.
Xatırladaq ki, bundan əvvəl martın 24-də Kanada 9 Rusiya rəsmisinin sanksiya siyahısına salındığını açıqlayıb.
Əzizə Zeynal
Sfera.az






