Türkiyə ilə Fələstin arasındakı saziş nəyə xidmət edir? - "Bu sənəd bəzi ölkələrə mesajdır..."
Prezident Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə Türkiyə və Fələstin arasında əldə edilmiş Təhlükəsizlik Əməkdaşlıq Sazişini imzalayıb.
Bu saziş türk hərbçilərin təlim məqsədi ilə Fələstinə getməsinə imkan verir. Türk hərbçiləri Liviyada olduğu kimi Fələstində də polislərə təlim keçə biləcək.Maraqlıdır, İsraildə yeni prezidentin seçildiyi məqamda sazişin qüvvəyə minməsi İsrail tərəfinə ismarıc ola bilərmi? İmzalanan sənədin əhəmiyyəti nədən ibarətdir?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Qabil Hüseynli sözgedən sazişin Fələstinin dövlət halına çevrilməsində rol oynacağını deyib. Ekspert müqavilənin region dövlətləri üçün mesaj olduğunu da qeyd edib:
"Bu sazişin imzalanması çox ciddi mesajdır. Sazişin Türkiyənin strateji maraqlarına hansı dərəcədə cavab verdiyini deməkdə çətinlik çəkirəm. Lakin Fələstin xalqına qarşı İsrailin qoluzorluğunun qarşısının alınmasında müəyyən rol oynaya bilər. Çünki bundan sonra Fələstinin dövlət halına çevrilməsi və onun nizami ordu yaratması prosesi başlayır. Bu prosesdə isə Türkiyə önəmli rol oynayacaq.
Fikrimcə, qüvvələr nisbətində balans yaranacağı üçün bu həm də regionda sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xüsusi töhfələr verəcək. Fələstinin rolu artacağı üçün nəticə etibarilə bu balans sülhü və sabitliyi təmin etmək istiqamətində mühüm addım olacaq".
Ekspert İsaak Herzoqdan sonra İsrail siyasətində dəyişiklik olmayacağını diqqətə çatdırıb: "Yeni prezidentdən sonra İsrail siyasətində heç bir dəyişiklik etməyəcək. Sadəcə olaraq böyük dövlətlərin təsiri altında Kemp Devid sülh sazişinin müddəalarının yerinə yetirilməsinə başlanılacaq. Digər ərəb ölkələri qaldığı halda bu məsələyə Türkiyənin bu formada meyl etməsi onun maraqlarına nə qədər cavab verdiyini deyə bilmərəm.
Lakin istənilən halda bunu bir mesaj kimi dəyərləndirirəm. Məsələnin məğzində dərin səbəblər yatır. Hər halda saziş təsdiq olunubsa, bizə işlərinin avand olmasını arzulamaq düşər. Amma ilk növbədə Fələstinə ərəb dövlətləri kömək etməlidir. Türkiyə isə istiqamətini türk dünyasına doğru çevirməlidir. Türkiyənin strateji maraqları türk dünyasındadır".Əzizə Zeynal
Sfera.az





