Ərəbistanda azanın səsi azaldıldı - Qərara qarşı çıxanlar düşmən elan edildi
Ötən həftə Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin məscidlərdə azan verilərkən səsgücləndiricilərdən aşağı səs səviyyəsində istifadə edilməsi ilə bağlı verdiyi qərar narazılıqlara səbəb olub.
Sfera.az xəbər verir ki, ölkənin mühafizəkar qisminin reaksiyalarından sonra Səudiyyə Ərəbistanı İslam İşləri naziri Əbdüllətif əl-Şeyx namaz qılmaq istəyənlərin imamın çağırışını gözləməklərinin şərt olmadığını bildirib.
Əbdüllətif əl-Şeyx dövlət televiziyasında yayımlanan nitqində azanın səsinin azaldılması haqda qərarın insanların reaksiyalarından sonra qəbul edildiyini açıqlayıb.
Nazirin sözlərinə görə, azanın çox yüksək olmasından şikayət edən ailələr evlərindəki yaşlıların və uşaqların rahat yata bilməməsini arqument gətirib.
Səudiyyəli nazir bu qərarı sosial mediada tənqid edən, restoran və kafelərdə yüksək səsli musiqinin də qadağan edilməli olduğunu iddia edənlər haqda fikrini də söyləyib.
O, qərara qarşı çıxanları Səudiyyə krallığının düşməni olaraq xarakterizə edib və həmin şəxslərin problem yaratmaq və milli birliyi pozmaq istədiklərini qeyd edib.
Əzizə
Sfera.az






