“Baydenin məlum bəyanatının siyasi tərcüməsi onu deməyə əsas verir ki..." - AÇIQLAMA
"Regional təcrid vəziyyətində olan Ermənistan bölgədə hər hansı bir önəm daşımır və geostrateji reallıqlara təsir etmək imkanlarına sahib deyil. Vaşinqton regionda Rusiyaya təzyiq göstərmək üçün yeni metodlardan istifadə etməyə çalışır, o cümlədən erməni ictimai rəyinə hesablanmış gedişlər edir”.
Sfera.az-ın məlumatına görə, bunu politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, burada məqsəd həm də məğlub ölkədəki qərbpərəst qüvvələrin siyasi manevr imkanlarını genişləndirmək və onları seçkilərdə avantajlı hala gətirməkdir:
"Baydenin məlum bəyanatının siyasi tərcüməsi həm də onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqaza yeni geostrateji müdaxilə etməyə çalışır. Görünən odur ki, bu bölgədə yeni çoxtərəfli əməkdaşlıq platformasının yaradılması, sülh və təhlükəsizlik şəraitində regional inkişafın təmin olunması Ağ Evi öz məhdud və birtərəfli maraqlarına görə məmnun etmir.
Ona görə də həm Türkiyəyə, həm Rusiyaya təzyiq göstərməklə, həm də erməni amilindən istifadə etməklə prosesə müəyyən qədər mane olmağa çalışır”.
Politoloqun sözlərinə görə, bu, praqmatik yanaşma deyil və ABŞ-ın öz maraqları üçün yaxşı perspektiv vəd etmir:
"Nəzərə alınmalıdır ki, regional proseslər məhz bölgə aktorlarının geosiyasi iradəsi əsasında tənzimlənir və Vaşinqtonun hazırda proseslərin gedişinə həlledici təsir etmək imkanları yoxdur”.
N.Qələndərli həmçinin deyib ki, ABŞ prezidenti Co Baydenin son addımı isə erməni ictimai rəyində anti-Rusiya meyillərini artırmağa hesablanıb:
"Bu, həm Birləşmiş Ştatların "ermənilərin yanında olduğu” görüntüsü yaratmaq, həm də Ermənistanın acınacaqlı məğlubiyyətinin səbəbkarı kimi Kremli göstərmək hədəfinə xidmət edir”.
Günay
Sfera.az






