Azərbaycanlılar Virciniyada kültür dərnəyi yaratdılar

Dünya
11:09 / 03.11.2020
1782
Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayan azərbaycanlılar tərəfindən Südyolu Təhsil və Kültür Dərnəyi (Milky Way Educational Cultural Association – MECA) yaradılıb.
Sfera.az xəbər verir ki, Vaşinqtonda yaşayan azərbaycanlı dostların sosial və mədəni ehtiyaclarını həll etmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatı ABŞ qanunlarına uyğundur və heç bir siyasi mənsubiyyət daşımır.
MECA-nın vitse-prezidenti Ramiz Məmmədlidir. Təşkilatın yaradılma məqsədi Azərbaycan mədəniyyətini başa düşməyə təşviq etmək, mədəni və maarifləndirmə fəaliyyətləri ilə bütövlüyü inkişaf etdirməkdir.
Azərbaycanlı uşaqlar üçün həftə sonu məktəbləri, böyüklər üçün ESL dərsləri, Azərbaycan mədəniyyətinin gözəlliyini Vaşinqton ərazisindəki qonşularla bölüşmək üçün genişhəcmli sosial festivallar, bayram gəzintiləri keçirmək; yeni mədəniyyətə inteqrasiya edən azərbaycanlı mühacirlərə və tələbələrə kömək etmək, ABŞ-da yaşayan Azərbaycan dilli əhalinin mədəniyyətini, dilini, adət və ənənələrini təbliğ etmək və qorumaq üçün yardım göstərmək dərnəyin fəaliyyətinə daxildir.
MECA öz saytında dostlar üçün ruhlandırıcı atmosfer yaratmağın və onların yerli icmalarla daha yaxşı inteqrasiya etmələrinə kömək etməyin dərnəyin əsas hədəflərindən olduğunu qeyd edir. Sülhə, firavanlığa və harmoniyaya hər cür töhfəni yüksək qiymətləndirən təşkilat bir-birilərini tanımağın cəmiyyətlər arasında körpülər yaradacağına inanır.
Aysel
Sfera.az