Yaponiyada güclü zəlzələ: Onlarla insan ölüb, minlərlə yaralı var – FOTO

Yaponiyada güclü zəlzələ: Onlarla insan ölüb, minlərlə yaralı var – FOTO

 

Yaponiyanın cənub-qərbində ötən gecə baş vermiş ardıcıl zəlzələlər nəticəsində həlak olanların sayı 19-a çatıb. Bu barədə məlumatı Kumamoto prefekturasının polis idarəsi yayıb.

Beləliklə, son iki gün ərzində Yaponiyanın cənub-qərbində baş verən təbii fəlakətlər nəticəsində ölənlərin ümumi sayı 28-ə çatıb, Oxu.Az TASS-a istinadən xəbər verir.

Bu gecə xəstəxanalara yerləşdirilənlərin sayı 900-ə çatıb. Son iki gündə zərər çəkənlərin ümumi sayı isə 2000 nəfərə çatıb.

Yaponiyanın müdafiə naziri Qen Nakatani öz idarəsinə və milli özünümüdafiə qüvvələrinin komandanlığına xilasetmə işlərində ABŞ-dan yardım alınması zərurətini qiymətləndirməyi tapşırıb.

"Biz təklifə görə Amerika tərəfinə minnətdarıq və mən bu addımın zəruriliyini qiymətləndirmək barədə əmr vermişəm”, - deyə nazir bildirib.

Ötən gecə Yaponiyanın cənub-qərbində maqnitudası 7,3 bala çatan bir neçə zəlzələ baş verib. Təbii fəlakət böyük dağıntılara səbəb olub. Cənub-qərbdə yerləşən Küsü adası ikinci gündür ki, güclü yeraltı təkanlardan silkələnir – ölkənin milli metroloji xidmətinin məlumatına görə, afterşoklar hələ bir neçə gün davam edə bilər.

Ən ağır vəziyyət Minamiaso kəndindədir, burada yeraltı təkanların səbəb olduğu dağıntılardan başqa, bir neçə güclü sürüşmə qeydə alınıb.

Hazırda 11 nəfər uçqun altında qalıb. Elə həmin kənddə Kuro çayının sahillərini birləşdirən 200 metrlik "Aso” körpüsü uçub.

Körpünün uçması da insan tələfatına səbəb ola bilər. Yerli KİV-in məlumatına görə, ən azı bir avtomobil körpünün qalıqları ilə birlikdə çaya düşüb. Daha bir neçə avtomobil körpüdən asılı vəziyyətdə qalıb. Hazırda nəqliyyat vasitələrində insanların olması barədə məlumat yoxdur.

Ölkənin özünümüdafiə qüvvələrinin 800 döyüşçüsü regiona göndərilib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR