Türkiyədən Kanadaya CAVAB: “Heç bir izahı ola bilməz”
Rəsmi Ankara Kanada hakimiyyət orqanlarının Azərbaycan-Ermənistan münaqişəsi bölgəsində istifadə bəhanəsi ilə müdafiə texnologiyaları və silahlarının Türkiyəyə ixracı üçün lisenziyaların dayandırılması qərarını qınayıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir:
"Eyni Kanada, dövrümüzün ən qanlı humanitar dramlarından biri sayılan Yəməndəki münaqişədə fəal iştirak edən ölkələrə silah tədarükü yolunda heç bir maneə yaratmır. Təhlükəsizliyə töhfə olaraq Orta Şərqə silah tədarükü edən Ottavanın mövqeyi BMT mütəxəssislərinin də kəskin tənqidinə səbəb olub. Eyni zamanda, NATO müttəfiqlərinə silah ixracı yolunda yaranan problemlərin heç bir izahı ola bilməz”.
XİN Kanadanı ikili standartlar tətbiq etməkdə təqsirləndirib:
"Ölkəmizə bəzi hərbi avadanlığın ixracının dayandırması Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün haqlı mübarizəsinə Kanadanın göstərdiyi ikili standart yanaşmasının nümunəsidir”.
Xatırladaq ki, ötən gün Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiyanın ixracına icazəni dayandırıb. Bildirilib ki, buna səbəb həmin texnologiyanın Dağlıq Qarabağ münaqişəsində istifadəsi olub. Məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın "Wescam” şirkətinin kamera sistemlərindən gedir.






