Dünya vaksinasiyaya başlayıb, Azərbaycan niyə yubanır? – Tanınmış həkimlərlə səbəb axtarışı

Dünya vaksinasiyaya başlayıb, Azərbaycan niyə yubanır? – Tanınmış həkimlərlə səbəb axtarışı

"Prosesi yaz aylarına qədər uzatmaq yanlışlıqdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında bir sıra postsovet məkanı da daxil olmaqla əksər ölkələrin artıq COVİD-19-la bağlı vaksinasiyaya başlamasına rəğmən Azərbaycandakı gecikməyə münasibət bildirərkən tibb elmləri doktoru Aydın Əliyev deyib:


"Bütün dünya vaksinasiyaya başlayıb. Azərbaycan da yubanmadan prosesə başlamalıdır. Bu işdə geri qalmaq, ləngimək olmaz. Prosesi mart-aprel aylarına qədər uzatmaq yanlışdır. Cəmiyyət olaraq tələb etməliyik ki, sözügedən prosesə tez başlasınlar. Prosesə cavabdeh olanlar uzanmanın nə ilə bağlı olduğunu araşdırıb aradan qaldırmalıdırlar”.

 

"Gecikmənin heç bir əsası yoxdur”.


Bunu isə açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla söyləyib: "Ölkə vaksinasiyaya gedəcəksə, onu ləngitməkdənsə, indidən aparmaq lazımdır. Bildiyiniz kimi, vaksinasiya ilk növbədə tibb işçilərinə, 65 yaşdan yuxarı olan risk qrupuna daxil olanlara və yanaşı xəstəlikləri olanlara vurulmalıdır ki, xəstəlik sayı tədricən azalsın. Sonda isə yoluxmayan şəxslərə vurulmalıdır”.


Həkim bildirdi ki, gecikmənin izahatı verilməlidir: "Ökəmizdə vaksinasiya proqramının uzadılmasını anlamıram. Bütün dünya prosesə başlayıb. Belə olan halda ölkəmizdə ləngimənin izahatı verilməlidir. 3 aydan sonra koronavirus hansı formada olacaq, bəlkə tamamilə azalacaq və vaksinasiyaya ehtiyac da olmayacaq. Abşeron yarımadasında əhalinin böyük əksəriyyəti artıq yoluxub, sağalıb.

 

Vaksinasiyanın aparılmasının uzanması şayiələrə, mənasız söz-söhbətlərin çoxalmasına gətirib çıxaracaq. Gecikmənin hər hansı bir əsasını görmürəm. Bunun məntiqi əsaslandırmasının olacağını da düşünmürəm”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR