Dövlət mövcud borc portfelində daxili borclanmanı artırır - ŞƏRH

Dövlət mövcud borc portfelində daxili borclanmanı artırır - ŞƏRH

Mayın 5-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 16,6 milyon manat həcmində bir il müddətinə buraxılan dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı istiqrazlar tam yerləşdirilib. İstiqrazlar üzrə gəlirlilik 9,9 faiz təşkil edib.


Sfera.az xatırladır ki, Maliyyə Nazirliyi tərəfindən istiqrazların buraxılmasında məqsəd daxili mənbələrdən manatla borc cəlb etməkdir. Əvvəllər Azərbaycan hökuməti daha çox xarici mənbələr hesabına borclanmanı artırmağa üstünlük verirdi. Lakin xarici bazarlarda faizlərin dəyişkənliyi, məzənnə riskləri, eyni zamanda daxili tələbin tənzimlənməsi zərurəti daxili borclanmanın da artırılmasını tələb edib.

 

Mövcud borc portfelində xarici valyutada olan öhdəliklərin xüsusi çəkisinin yüksək olmasının əsas səbəbi daxili maliyyə bazarının borcalma tələblərini ödəmək potensialının zəifliyidir. Buna görə də dövlət ehtiyac olan vəsaiti əsasən xarici borclanma ilə həll edir.


Qeyd edək ki, daxili borclanmanın artırılması məsələsi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da da öz əksini tapıb. Bu strateji plana əsasən xarici borcun azaldılması, daxili dövlət borcunun tədricən artırılması hədəflənir. Sənəd 2018-2025-ci illəri əhatə edir. Daxili dövlət borcunun artırılması məqsədilə ölkəmizdə qiymətli kağızlar bazarının, o cümlədən, daxili bazarın inkişafı istiqamətində bir sıra tədbirlər görüləcək.

 

2020-ci ildə daxili borclanmanın artırılması müşahidə ediləcək. Bunun bir səbəbi strateji planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsidirsə, digər səbəbi bu il büdcə kəsirinin bir qədər yüksək olacağıdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və daxili maliyyə bazarının inkişaf etdirilməsi məqsədilə hər il dövlət büdcəsi haqqında qanunda dövlət qiymətli kağızlarının emissiyası nəzərdə tutulur. Sözügedən istiqrazları investorlar bazar prinsipləri əsasında alır.


Bu ilin ötən dövrü ərzində Maliyyə Nazirliyi 171,6 milyon manat dəyərində istiqraz satıb. İqtiqrazlar bir, iki, üç və beş illikdir. Ən çox satılan istiqrazlar bir və iki illik olan istiqrazlardır. 2020-ci ilin əvvəli ilə müqayisədə mart və aprel aylarında satılan istiqrazlar üzrə təklif olunan faiz dərəcəsi qaldırılıb. İlin əvvəlində 4-6 faizə istiqraz satılırdısa, son 2 ayda 7-12 faizə istiqraz satılıb.

 

Bunun əsas səbəbi mart ayından dollara tələbin artmasıdır. İnsanlar, hüquqi şəxslər dollarla yığımlarını artırdığından manatla istiqraz almaqda maraqlı olmayıb. Buna görə də Maliyyə Nazirliyi məcbur olub istiqrazlar üzrə faizləri artırıb. Eyni zamanda hərraclar göstərir ki, qısa müddətə olan istiqrazlara tələb daha böyükdür. Satılan birillik istiqrazların dəyəri 66,6 milyon manat, ikiillik istiqrazların dəyəri 60 milyon manat, üçillik istiqrazların dəyəri 25 milyon manat, beşillik istiqrazların dəyəri 20 milyon manat təşkil edib.

 

2020-ci ilin yanvarın 28-də Maliyyə Nazirliyi tərəfindən ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında yerləşdirilib. Nazirlik hesab edir ki, dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunan uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.Eyni zamanda, bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.


Göründüyü kimi, dövlətin cəlb etdiyi daxili borclar əsasən qısa müddətlidir. Amma xarici borclar bir qayda olaraq uzunmüddətli olur. Daxili borcların da uzunmüddətə cəlb edilməsi üçün işlər görülməlidir. Maliyyə Nazirliyi bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaltmalıdır. Bunun üçün növbəti illərdə daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi, o cümlədən təkrar bazarın formalaşdırılması məqsədilə investorlarla mütəmadi görüşlərin keçirilməsi, bazar tələblərinin müəyyən olunması və bunlar əsasında emissiya prospektləri hazırlanarkən investorların maraqlarının nəzərə alınması kimi tədbirlər görülməlidir. Dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və tədricən, tələb olunan maliyyələşmələrin daxili borc almalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzləməyə nail olmalıdır.


2020-ci ilə aid olan məlumata əsasən dövlətin daxili borcu 1,3 milyard manatdır və ÜDM-nin 1,5-2 faizi səviyyəsindədir. Daxili borclanma artırılmaqla borc 2025-ci ildə 2 milyard manata, ÜDM-yə nisbəti 2 faizə çatdırılacaq.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...