Dövlət daha 900 milyon manat ayırsın... – YARDIMDAN KƏNARDA QALANLAR ÜÇÜN

Dövlət daha 900 milyon manat ayırsın... – YARDIMDAN KƏNARDA QALANLAR ÜÇÜN

Azərbaycan hökuməti koronavirus pandemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa mənfi təsirini minimuma endirmək məqsədilə proqramlar hazırlayıb. Həmin proqramlara əsasən, pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə, fərdi və digər sahibkara maliyyə dəstəyi veriləcək.


Sfera.az xatırladır ki, maliyyə dəstəyi göstərilən zaman əsas meyar kimi rəsmi sənədlər götürüləcək. Yəni, rəsmi əmək haqqı alan, fəaliyyəti rəsmi sənədlərlə təsdiqlənən sahibkarlara kömək ediləcək. Rəsmi maaşı olmayan və ya sahibkarlıq fəaliyyəti ilə rəsmi qaydalarla məşğul olmayan şəxslər maliyyə dəstəyindən istifadə edə bilməyəcək. Bununla təxminən 2 milyon 843 min işçiyə və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək.

 

Hökumət müəyyən edib ki, ümumilikdə 20 fəaliyyət sahəsi pandemiyadan zərər çəkib. Bu sahələrdə özəl sektor üzrə 300 min rəsmi muzdlu işçi çalışır. Onlara ümumilikdə 215 milyon manat veriləcək. Özəl sektorda zərər görməyən sahələrdə daha 364 min muzdlu işçi var. Dövlət həmin sahələrdə çalışan işçilərin də işdən azad edilməməsi üçün işəgötürənlərə nəzarət edəcək. Eyni zamanda 910 min muzdlu işçi də dövlət sektorunda çalışır və onların da maaşı ödəniləcək.

 

Zərər çəkən sahələrdə həmçinin 300 min fərdi sahibkar var. Onlara 80 milyon manat maliyyə dəstəyi göstəriləcək.


Bunlarla yanaşı haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə 50 min işsiz şəxsin müvəqqəti məşğulluğu təmin ediləcək, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək, özünüməşğulluq proqramı genişləndirilərək 11 min şəxsə dəstək veriləcək, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilərək 20 min insana maliyyə köməyi göstəriləcək, işsizlikdən sığorta ödənişi bitən, lakin işlə təmin olunmayan 2 min insana kömək ediləcək.

 

Qeyd edilənlərlə yanaşı ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən 62 min ailəyə yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi, yaşı 65-dən yuxarı 14 min tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi planlaşdırılıb.

 

Göründüyü kimi, fəaliyyəti rəsmi olan hər bir sahibkar, muzdlu işçi və işsiz dövlətdən yardım ala biləcək. Amma hamımıza bəllidir ki, ölkəmizdə gəliri qeyri-rəsmi olan çox sayda şəxs var. Həmin şəxslərin özü və ya çalışdığı sahə pandemiyadan zərər görüb, buna görə də onların da maliyyə dəstəyinə ehtiyacı var.

 

Rəsmi məlumatlara əsasən, ölkəmizdə 5,2 milyon iqtisadi fəal əhali var. Onların 260 mini işsiz əhali, 4,94 milyonu məşğul əhalidir. İşsizlərə dövlət dəstək proqramları çərçivəsində maliyyə yardımı edəcək. Məşğul əhalinin isə 2,58 milyonu dövlət proqramına uyğun olaraq müdafiə olunacaq. Qalan 2,36 milyon məşğul əhaliyə isə dövlətdən hər hansı kömək almayacaq.

 

Bu insanların təxminən 1,78 milyonu kənd təsərrüfatı ilə məşğul olan şəxslərdir. Onların az hissəsini muzdlu işçilər və dövlət sektorunda çalışanlar təşkil edir. Aqrar sahədə məşğul olanların təxminən 1,7 milyonu fərdi təsərrüfatlarda və ya fermer təsərrüfatlarında çalışır. Bu insanlara hər hansı maliyyə dəstəyi nəzərdə tutulmayıb. Çünki pandemiyanın onlara təsir etmədiyi iddia olunur. Buna əsas kimi kənd təsərrüfatı üzrə fəaliyyət sahələrinə məhdudiyyət gətirilməməsi göstərilir. Kənd təsərrüfatı ilə məşğul olan əhali çıxıldıqda 0,66 milyon (660 min) məşğul insan qalır. Digər dəstək almayacaq məşğul olan insanlar ictimai iaşə, istirahət, əyləncə və digər sahələrdə xidmət göstərənlərdir.

 

Zənnimcə, maliyyə yardımı ayrılan zaman yalnız məhdudiyyətin tətbiq edildiyi sahələri və burada rəsmi münasibətlərin olmasını əsas götürmək doğru deyil. Çünki karantin dövründə tətbiq olunan məhdudiyyətdən dolayı yolla bütün sahələr zərər görəcək. Bura istər kənd təsərrüfatı, istər sənayenin qadağa tətbiq edilməyən sahələri olsun, fərqi yoxdur, hamısında dövriyyənin daralması, satış və gəlir əldə etmək çətinliyi var. Eynilə həmin sahələr üzrə maaş müqabilində çalışıb, amma rəsmi ödənişi olmayan işçilər də gəlir itkiləri ilə üzləşirlər. Bu sahələrdə sahibkarların və işləyənlərin gəlirinin olmaması ona gətirib çıxardacaq ki, əhalinin önəmli hissəsinin alıcılıq qabiliyyəti xeyli zəifləyəcək və bundan ümumən iqtisadiyyat zərər görəcək.

 

Əslində, dövlətin əhaliyə, sahibkarlara dəstək göstərməsində əsas məqsədlərdən biri iqtisadiyyatın canlı saxlanılması, karantindən sonra böyümə imkanlarının qorunmasıdır. Dövlət maliyyə yardımı etməklə dolayısı ilə iqtisadiyyata sərmayə qoymuş olur və karantindən sonra inkişaf imkanını gücləndirir. Çətin dövrdə maliyyə dəstəyinin əhəmiyyətini nəzərə alsaq, yaxşı olardı ki, dövlət bütün məşğul olanlara, o cümlədən kənd təsərrüfatında, sənayedə, tikintidə, ictimai iaşə və digər sahələrdə çalışanların hamısına kömək etsin.

 

Bunun üçün böyük məbləğdə vəsait də lazım deyil. Yaşayış minimumu (190 manat) əsasında yerdə qalan 2,36 milyon insana yardım etmək olar. Bu məqsədlə bir ayda 450 milyon manat lazımdır. Nazirlər Kabinetinin qəbul etdiyi dəstək proqramından aydın olur ki, karantin dövrü iyunun 1-nə kimi olmaqla 2 ay nəzərdə tutulub. Dövlət daha 900 milyon manat ayırmaqla həmin insanlara həm kömək etmiş olar, həm də iqtisadiyyatı daha da canlı saxlayar.

 

 

 

Vasif

Sfera.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR