Diaspora fəalımız Hollandiyadan Şəhid Generalla bağlı xatirələrini paylaşdı - Problemlərdən danışmağa çəkinmə

Diaspora fəalımız Hollandiyadan Şəhid Generalla bağlı xatirələrini paylaşdı - Problemlərdən danışmağa çəkinmə
Hazırda Niderlandın Rotterdam şəhərində yaşayan və orda fəaliyyət göstərən Azərbaycan diasporunun fəal üzvlərindən olan Ramazan Səmədov özünün şəxsi facebook səhifəsində Şəhid general Polad Həşimovla bağlı xatirələrini paylaşıb.

Sfera.az soydaşımızın "2010-2011-ci illərdə komandirim olan Polad Həşimovun xatirəsinə” yazısını oxucularına təqdim edir:

"Yanvar ayı idi, dizə qədər qar vardı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaş özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.

Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Ayaqyolumuza kimi öz hesabına təmir etdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.

Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışırdı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru vardı. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri vardı. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…”

Keçmiş komandirinin əliaçıqlığından, mərdliyindən, qayğıkeşliyindən ürəkdolusu danışan Ramazan Səmədov fikrini belə davam etdirir:


"İyun ayında Aztv məndən müsahibə götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb həbsxanaya gedən bir fəala qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu edən deyiləm. Komandir məni kazarmaya göndərdi özü isə jurnalistlərlə birgə harasa getdi. Gecə yarısı növbətçi mənə təcili komandirin yanına getmək göstərişini verdi. Komandir Həşimovla çay içdik, otağında mənə dedi ki, narahat olma, danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək. Zarafatca, həm də ciddi şəkildə komandirə qayıtdım ki, sizi efirdə tərifləməyəcəyəm ha, cünkü buna ehtiyacınız yoxdur. Güldü, dedi ki, düz edəcəksən. Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə görə 10 günlük məzuniyyətə göndərdi. Tapşırıqsız, tərifsiz.

Qayıdandan sonra briqada düzülüşü idi. Minlərlə əsgərin qarşısında məni çağırdı, dedi ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq buraxıb getmişdim, ona görə doktor deyə çağırırdı məni), gedirik posta, odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı Həşimov.”

Bu yazı ilə komandirinə son sədaqət borcunu verən ehtiyatda olan zabit fikrini belə tamamlayır:

"Yanvarın 1-i evə yola düşmək vaxtı çatdı. Özü mənə bir geribilim forması verdi. Dedi, nə düşünürsən, onu da yaz. Problemlərdən danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalamayaraq əlavə etdi ki, yaz doktor, yaz, bəlkə oxuyan oldu…

İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.”

OXŞAR XƏBƏRLƏR