Azərbaycanda ilk: Sürücü özbaşınalıqları belə aradan qaldırılacaq - ŞƏRH
"Dispetçer Mərkəzinin yaradılması ictimai nəqliyyatda atılan yeni addımlardan biridir".
Bunu "MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Mərkəzi Dispetçer Xidmətinin istifadəyə verilməsi ilə bağlı danışan zaman deyib.
Ekspertin sözlərinə görə, yeni mexanizm qayda pozuntularının azalmasına səbəb olacaq: "Dispetçer Mərkəzi bu vaxta qədər Azərbaycanda sərnişindaşımada mövcud olmayan bir xidmətdir. Sərnişinlərin və sürücülərin məlumatlandırılması, hara gedəcəyi barədə informasiya alması və s. bunlar heç bir kitabda və ya qaydada yazılmayıb. BNA vətəndaşların rahatlığı üçün belə bir addım atıb. Bu sistem eyni zamanda xarici turistlərin faydalanması üçün çox əlverişlidir. Dispetçer Mərkəzindən sürücülərlə birbaşa əlaqənin yaradılması o deməkdir ki, artıq onlara ciddi nəzarət olacaq. Belə olan halda sürücülər qaydalara riayət edəcəklər və sərnişinlərin həyatını riskə atmayacaqlar".
E.Muradlı Dispetçer Mərkəzi Xidmətinin tətbiqi ilə ölkəmizin bir ilkə imza atdığını söyləyib: "Bu xidmət əsasən inkişaf etmiş ölkələrdə istifadə olunur. Belə bir sistemin tətbiqi ilə Azərbaycan MDB məkanında yeniliyə imza atıb. Bildiyim qədərilə son bir neçə ildə ölkəyə gətirilən yeni avtobuslarda artıq Dispetçer Mərkəzi Xidmətinin tətbiq edilməsinə başlanılıb. Yəqin ki, hazırda xətdə olan köhnə avtobuslar yeniləndikcə sözügedən sistem mərhələli şəkildə quraşdırılacaq”.






