MSK-dan kəskin addımlar gözləyə bilərik? “İstisna deyil”
MSK-dan kəskin addımlar gözləyə bilərik? "İstisna deyil”
Sfera.az-a açıqlamasında bu sözləri MSK-nın sədr müavini Rövzət Qasımovun seçki pozuntularının araşdırılması fonunda "Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz” fikrinə münasibət bildirərkən YAP-dan seçilən millət vəkili Elman Nəsirov deyib:
"Azərbaycanda demokratik, şəffaf və açıq seçkilər keçirildi. Seçkilərin nəticələrini beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti də yüksək qiymətləndirib. MSK sədrinin müavini söylədi ki, daxil olan müraciətlərə baxılması və araşdırma nəticəsində seçki prosesinin tələblərinin pozulması halları qeydə alınarsa, ən sərt tədbirlərə əl atıla bilər. Yəni tədbirlərin sərtliyinin əmsalı qanunvericilik tələblərinin pozulması səviyyəsindən asılı olacaq. O da məlum oldu ki, ciddi qanun pozuntusu olduğu təqdirdə olduqca sərt tədbirlər həyata keçirilə bilər. Hər halda araşdırmalar gedir və öncədən fikir söyləmək çətindir. Araşdırmalar nəticəsində müəyyən neqativ hallar üzə çıxarsa təbii ki, ona adekvat addımların atılacağı da istisna deyil”.
"MSK fərqli seçki gözləntisində olub” Bunu isə sayta açıqlamasında seçkilərin qalibi olan digər namizəd AXCP sədri Razi Nurullayev bildirib:
"Açığı MSK adından danışa bilmərəm. Amma onların davranış və bəyanatlarından belə başa düşürəm ki, qurum fərqli bir seçki gözləntisində olub. Bu mənada onların fərqli seçki gözləntisinə cavab verməyən məsələlərlə bağlı qətiyyətli ola bilərlər”.
ReAl-dan olan namizəd Natiq Cəfərli isə MSK-nın seçkilərin nəticələrilə bağlı kəskin addımlar ata biləcəyinə inanmır:
"Seçki prosesini normal aparmaq MSK-nın əlində idi, Çox təəssüf ki, ənənəvi qaydada aparıldı. Heç bir dəyişiklik olmadı. Müşahidəçilərə səslərin sayılmasına nəzarət etməyə maneə olurdular. Belə təlimatın da MSK-dan gəldiyini düşünürəm. Ona görə də düşünmürəm ki, MSK "süddən çıxmış ağ qaşığa hansısa bir dəyişiklik etsin. Ola bilər bir neçə dairənin nəticələrinin ləğvilə bağlı qərar çıxsın. Amma bu fundamental olaraq seçkinin nəticəsilə bağlı rəyi dəyişməyəcək”.
Elçin
Sfera.az






