O qeyd edib ki, küçə itlərini güllələyib öldürməklə onların sayını azaltmaq mümkün deyil:
"Ən sivil yol itlərin birkalanmasıdır. Təbii ki, iş təkcə birkalanma ilə bitmir. İtlər ilk olaraq sterilizasiya edilməli, balavermə qabiliyyətləri dayandırılmalı, quduzluq iynəsi vurulub birkalanmalıdır. Həmin it əvvəlki həyatından fərqli yaşayır. İtlərdə insanlara aqressiya adətən çoxalma instinkti ilə yaranır. Bu funksiya dayandıqdan sonra itlərdə aqressiya olmur. Quduzluq iynəsi də vurulduğundan aqressiyaları demək olar, 70%-ə qədər azalır. Bu da onların təhlükəsiz olması deməkdir”.
Sığınacaq sahibi vurğulayıb ki, Xaçmazda 300-ə yaxın sahibsiz küçə iti İDEA Heyvanların Qayğı Mərkəzinin yardımı ilə qısırlaşdırılıb: "Bizim rayonda küçədə artıq birkalı itlər var”.
N.Rüstəmli bildirib ki, birkalanma icra orqanlarının üzərinə götürəcəyi işdir: "Lakin bu iş bunu bacaran ekspertlərlə birlikdə görülməlidir. Misal olaraq, Türkiyədə hər bələdiyyənin öz veterenar mərkəzi var. Həmin mərkəzlərdən hər icra orqanının ərazisində olması mütləqdir və orada cərrah-baytar bu işlə məşğul olmalıdır. Hələ də görünən odur ki, ölkədə birkalanan sahibsiz küçə itlərinin sayı azdır”.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda 4-cü sinif şagirdi Polad Ömərov it dişləməsi nəticəsində dünyasını dəyişmişdi.
Azərbaycanla qonşu ölkələrdə də küçələrdə sahibsiz itlərin sayı çox olsa da, onların demək olar, əksəriyyəti peyvəndlənib və birkalanıb. Bununla da insanlar, xüsusilə də azyaşlı uşaqlar küçədə təhlükəsiz şəraitdə heyvanların əhatəsində gəzə, hətta ehtiyat etmədən oynaya bilir.
"Report" Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi şəhərlərindəki və Bakının mərkəzi hissələrindəki küçə itlərinin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik






