Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 25-də Füzuli
rayonunda dördüncü görüşünü açıq havada, Horadiz şəhərində yerləşən Qəhrəmanlar parkında keçirib.
Əksəriyyəti gənclərdən ibarət olan şəhər sakinlərinə fəaliyyət planından danışan Vüqar Bayramov
platformasının əsas hissəsinin məcburi köçkünlərin sosial təminatının gücləndirilməsinə həsr olunduğunu
deyib: "Mən də status etibarı ilə məcburi köçkünəm. Bu səbəbdən Sizin problemlərinizi daha dərindən
duyuram və onların həlli üçün əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm. Sizdən bircə təvəqqəm var,
9 fevralda seçkiyə gəlin, layiq bildiyiniz namizədə səs verin.”
Görüşdə iştirak edən Vüqar Bayramovun vəkili Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Akif Musayev bildirib ki, bugünədək heç bir deputatlığa namizədin vəkili olmamışam: "Birinci
dəfədir ki, vəkil kimi bu prosesə qoşulmuşam. Sizi inandırıram ki, Vüqar Bayramov Milli Məclisdə təmsil
olunsa, hər zaman Sizin başınızı, Füzulinin adını uca tutacaq. Ona görə də hər birinizi Vüqar müəllimə
səs verməyə çağırıram.”
Görüşdən sonra Vüqar Bayramov Horadiz sakinləri ilə birgə Milli Qəhrəmanların və Şəhidlərin
xatirəsinə ucaldılmış abidələri ziyarət edib, Qarabağ müharibəsində şəhid olmuş həmvətənlilərimizin
ruhuna dualar oxunub.






