Dollarla krediti olanlar diqqətli olsun - Xəbər var
Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, E. Rüstəmov deyib ki, "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər".
"Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik", - deyə E. Rüstəmov bildirib.
Dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə bir neçə gün öncə maliyyə naziri Samir Şərifov da Mir Şahinə eksklüziv müsahibəsində münasibət bildirib.
Telejurnalistin “hökümətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunub olunmayacağı” sualına nazir belə cavab verib:
“Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz, vətəndaşın qoyduğu əmanətin məbləği ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.”
Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər. “Bu məsələlər ətrafında müzakirələr davam edir”, – deyə Sərifov bildirib.






