Bakıda tikinti anarxiyasının qarşısı alınacaqmı? – Ekspertdən nikbin proqnoz
"Bakı şəhərində tüğyan edən qanunsuz tikinti prosesinə birdəfəlik son qoyulacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən, "Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir, baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir" kimi qətiyətli tələbinə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib:
"İndiyə kimi yerli icra hakimiyyəti orqanları qanunsuz tikililər, strateji infrastruktur kəmərlər üzərində, mühafizə zonalarında, istər elektrik enerjisi dayaqları, istərsə də qaz və neft kəmərləri, dəmir yolu mühafizə zonalarında qanunsuz tikililərin inşasına göz yumublar. Digər tərəfdən, Bakı şəhəri üzrə Baş Planın gələcək perspektiv inkişafına zidd tikililər baş alıb gedib”.
Həmsöhbətimizə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mühüm səlahiyyətlərin verilməsi paytaxtda həyata keçirilən qanunsuz və yöndəmsiz tikililərin qarşısını alacaq:"Həmin neqativ halın qarşısı birmənalı olaraq alınacaq. Məsələn, ASAN Xidmətə verilən səlahiyyətlər nəticəsində aradan qaldırılan problemlər göz qabağındadır. O cümlədən, Bakının Baş Planı birmənalı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilsə, paytaxtımızda cərəyan edən qanunsuz tikinti prosesinə birdəfəlik son qoyulacaq”.
Elçin
Sfera.az






