Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür
Bu gün Azərbaycan Beynəlxalq Bankı özünün yaranma gününü qeyd edir. Bank 28 il
əvvəl, 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb. Hazırda bir çox göstəricilərinə görə
ölkəmizin və ümumilikdə Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur.
Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili də uğurlu
nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub.
Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard
manat təşkil edib. İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi
qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1.13
milyard manatı ötüb. İl ərzində kredit portfeli 450 milyon manat artaraq 2.37 milyard manata
çatıb.
Qeyd edək ki, bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin
maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il isə
Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə
iri məbləğdə mənfəət vergisi ödəyəcək.
Sistem xarakterli universal bank olan Azərbaycan Beynəlxalq Bankı real sektorun
maliyyələşdirilməsində yaxından iştirak edir, kiçik və orta biznesin inkişafı, ölkəmizdə nağdsız
ödəniş ənənələrinin genişləndirilməsindən ötrü davamlı layihələr həyata keçirir, müxtəlif
sahələr üzrə cəmiyyətə fayda vermək üçün korporativ sosial məsuliyyət proqramları
reallaşdırır.
Güclənən rəqabət mühitində bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi,
xidmət və məhsullarda innovativ texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin əldə
olunması üçün ötən ilin sonlarından etibarən Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf
strategiyası həyata keçirilməkdədir. Beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış
strategiya 2022-ci ilə qədər qarşıya qoyulmuş əsas hədəfləri nəzərdə tutur. Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Başlıca hədəflərimiz
mükəmməl rəqəmsal təcrübəmizlə tanınmaq, korporativ və pərakəndə sahədə ölkənin
lider banklarından olmaq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində
rəqabətədavamlı bazar payına sahib olmaq, yüksək müştəri məmnuniyyəti qazanmaq,
bank sektorunda ən yaxşı işəgötürən olmaq və əməliyyat gəlirliliyimizi ikiqat
artırmaqdır. 2022-ci ilə qədər bu hədəflərə çataraq Azərbaycan Beynəlxalq Bankının
bu günü və gələcəyinə olan yüksək inam və ümidləri doğruldacağıq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937
nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.






