Dizel avtomobilləri qadağan edilməməlidir – EKSPERTDƏN ETİRAZ
"Əslində dizel mühərrikli avtomobillərdən imtina və onların hibrid maşınlarla əvəzlənməsinə doğru gedirik. Ancaq bu elə də sürətlə gedən proses deyil”.
Sfera.az-a açıqlamasında bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadənin dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılmasına başlanıldığı barədə dediyi fikirlər fonunda planın reallaşacağı təqdirdə doğura biləcəyi nəticələrə toxunarkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyb.
"Dizel mühərrikli avtomobillərin istismarına hazırda qadağa tətbiq edilə bilməz. Həmin avtomobillər qanunvericiliyin müəyyən etdiyi şərtlər çərçivəsində gətirilib və bu gün də ölkə ərazisində istismar olunur. Amma bəlli məsələdir ki, dünyada bu proses gedir, Avropa ölkələri dizel yanacağı ilə işləyən avtomobillərin istismarına qadağa qoyub. Azərbaycana gəldikdə, insanlar dizel yanacaqlı maşından ancaq onun alternativi tapılanda, yeni avtomobilin qiymətinin məqbul olması fonunda imtina edə bilərlər. Ölkəmizdə isə hələlik hibrid avtomobillər populyarlıq qazanmayıb”.
A. Allahverənov bildirdi ki, dizel mühərrikli maşınlardan imtina insanlara müəyyən xərclər hesabına başa gələcək: "Dizel mühərrikli maşınların istismarının məhdudlaşdırılması müəyyən mənada ətraf mühitə müsbət təsir göstərəcək. Amma bu hal digər tərəfdən insanlara müəyyən məsrəflər hesabına başa gələcək. Belədə insanlar həmin maşınlardan imtinaya heç də ürəkdən getməyəcək. Ona görə də məsrəfləri minimuma endirmək üçün elə bir sistem qurulmalıdır ki, insanlar rahat şəkildə ona getsin. Yəni bu halda insanların itirəcəyi qazanacağından az olmalıdır ki, vətəndaş da prosesdə maraqlı olsun”.
Elçin
Sfera.az






