Daha bir uğursuz deputat yenidən namizəd oldu – “Rəqibim yoxdur” deyir…
Jurnalist Ozal Məmmədov Milli Məclisdə fəaliyyətsizliyi ilə yadda qalan, buna baxmayaraq yenidən namizədliyini irəli sürən sabiq deputatların tanıtımı məqsədilə yeni paylaşım edib. Onun budəfəki hədəfi sabiq millət vəkili Eldar Quliyevdir.
Sfera.az jurnalistin fikirlərini olduğu kimi təqdim edir:
Bundan öncəki statusumda anons etdiyim kimi növbədənkənar parlament seçkilərində yenidən namizədliyini irəli sürən "lal deputatlar”ın tanıdılması məqsədilə növbəti yazımı təqdim edirəm.
"Qəhrəmanımız” kifayət qədər titullu və necə deyərlər "ağır adam”dır. Ən azından ona görə ki, adından öncəki təqdimatına bunları əlavə edə bilib: "Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor.
Bəli, söhbət artıq beşinci dəfə deputatlıq eşqinə düşən Eldar Quliyevdən gedir. Eldar Quliyev bu dəfə də 28 saylı Sabunçu III dairəsindən seçkilərə qatılıb.
"Çay nədir, say nədir?” zərbi-məsəlini özünün deputatlıq ehtirası ilə qarışdıran Eldar Quliyevdən olsa "çıxdın beşə, vur on beşə” də deyər, ömür vəfa etsə. Eldar müəllimə uzun ömür və cansağlığı arzu etməklə yanaşı ona bəzi məsləhətlərim də var.
- Onsuz da Milli Məclisdə xüsusi aktivliyinizlə seçilməmisiniz. Bəlkə də ara-sıra danışmısınız, amma şəxsən mən qanunların müzakirəsi zamanı sizin hansısa təkliflərlə çıxış etdiyinizin şahidi olmamışam. Bəlkə "həvəsdi, bəsdi” deyib, 4 dəfə getdiyiniz yoldan geri qayıdasınız?
- Zatən titullarınız və vəzifələriniz kifayət qədərdir. Təkcə "təhsil bazarı”na çevirdiyiniz Kooperasiya Universitetindəki rektorluq vəzifənizi xatırlatmaq yetərlidir. Rəhbəri olduğunuz bu təhsil ocağında qayda-qanun yaratmaq indi daha vacibdir, nəinki yaşınızın bu vaxtında seçkilərə qatılmaq...
- Mətbuatın yazdıqlarına görə, tək qazancınız təhsildən çıxmır. Belə ki, kürəkıəniniz Abbas Səfərovun sahiblik etdiyi "Kapitol" tikinti şirkətində sizin da payçı olduğunuz deyilir. Gedin, evinizi tikin də, eviniz tikilsin...
- Bütün "vurulmuş” məmurlar kimi sizin də yaxşı qələminiz var, dərc etməmək şərtilə gedib şeirinizi yazsanız daha faydalı olarsınız. Eldar müəllimin müəllifi olduğu şeirdən bir parçanın isə əsl yeridir, buyurun:
Sizlər bir-birini əvəz etdiniz
"Ad günü” deyərək gəlib getdiniz
Elə bil yarışdı, həyat keçdiniz
Niyə tələsirdiz, mənim illərim?
Sonda: Amma deyəsən 68 yaşlı millət vəkili Eldar Quliyev məsləhətə qulaq asana oxşamır. Hər halda onun bugünlərdə mətbuata verdiyi açıqlama belə düşünməyə əsas verir: "19 ildir ki, millət vəkiliyəm, gələn il 20 olacaq. İmkan olduqca əlimizdən gələni etmişik. Növbəti seçkilər barədə fikirləşirəm. Hələ rəqibim yoxdur”.
P.S. Hörmətli Eldar müəllim. Hacıbala Abutalıbovun sözü olmasın, sizi əmin edirəm, rəqibiniz var və siz seçki nəticələri elan olunarkən nə qədər yanlış düşündüyünüzə əmin olacaqsınız.
Məndən demək, gerisini siz bilərsiniz...






