Argentinada Xocalı soyqırımı ilə bağlı tədbir
Dünən Azərbaycanın Argentinadakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
"Qafqazinfo” xəbər verir ki, səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunmuş tədbirdə həmin universitetin professor-müəllim heyətinin üzvləri və 2015-ci ildə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr iştirak edib.
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Rəşad Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında ətraflı məlumat verib.
Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.
Daha sonra çıxış edən Azərbaycanşünaslıq kafedrasının əlaqələndirici professoru Paulo Botta Xocalıda baş vermiş soyqırımın danılmasının qeyri-mümkünlüyünü, Argentinada həmin hadisələrlə bağlı məlumatlılığın artırılmasının zəruriliyini bildirib.
Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilib.







