Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Ernst and Young”ın “EY İlin İş Adamı™” proqramı başlandı
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan "Ernst&Young” Azərbaycanda ilk dəfə
"EY İlin İş Adamı™” müsabiqə-proqramını elan edib. Bu qlobal proqramın ölkəmizdə həyata
keçirilməsinə Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkəti də dəstək verir. Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə proqramın strateji tərəfdaşıdır.
"EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini
yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq
nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın
60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir.
"EY İlin İş Adamı ™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq,
bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır. 2019-cu
ildən başlayaraq belə bir proqramın ölkəmizdə də tətbiqi yerli sahibkarların fəaliyyətini layiqincə
qiymətləndirmək, onları dəstəkləmək və bir araya gətirmək məqsədi daşıyır.
Bu müsabiqədə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarlar, onların
ortaya qoyduqları nəticələr yarışır. İştirak meyarlarına cavab verən hər bir sahibkar müsabiqəyə
qatıla bilər. Bütün iştirakçılar milli mərhələ çərçivəsində yarışacaq. Onların müraciətləri, biznes
nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən
qiymətləndiriləcək. Final mərhələsinin qalibi olan sahibkar Monte Karloda keçiriləcək nüfuzlu "EY
Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.
Ərizələrin qəbulu 25 noyabr tarixindən 15 yanvar tarixinə qədərdir. İştirakçı sahibkarlarla
müsahibələr və ərizələrin qiymətləndirilməsi gələn ilin 16 yanvarından 6 martına qədər həyata
keçiriləcək. Martın 11-də mükafatlandırma mərasimi olacaq. 4-7 iyun 2020-ci il tarixində isə qalib
sahibkar Monte Karloda "EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində iştirak edəcək.
"EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bunları deyib: "Proqram
sahibkarlara öz nailiyyətlərini göstərməyə, komandanın töhfələrini açıq şəkildə nümayiş
etdirməyə imkan verir. Ümid edirik ki, Azərbaycan sahibkarları bu müsabiqədə həvəslə iştirak
edərək uğur qazanacaqlar”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə bankın müştərisi
olan sahibkarlar üçün bu proqramın gözəl bir inkişaf imkanı olduğunu qeyd edib: "EY İlin İş
Adamı™ proqramı ölkəmizdə sahibkarlığın təşviqinə, müştərilərimiz olan iş adamlarının öz
bizneslərini böyütmələrinə şərait yaradır. Sahibkarlarla fəal şəkildə çalışan bank olaraq bütün
bunlar Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. Ona görə də ölkəmizdə ilk dəfə
həyata keçirilən bu faydalı təşəbbüsə məmnuniyyətlə dəstək veririk”.
Proqramda iştirak meyarları ilə bu linkdən ətraflı tanış olmaq və müraciət ərizəsi göndərmək
mümkündür: //www.ey.com/az/en/home/ey-eoy






