Cinayətkar şəbəkə ən çox inəyin leşindən istifadə edir- AQTA

"Ən çox iri buynuzlu heyvanların, xüsusilə də inəyin leşindən istifadə edilir. Apardığımız araşdırmalar onu göstərir ki, süddən kəsilmiş, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər. Cinayət şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır".
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.
Onun sözlərinə görə, Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların qarşısı alınaraq dövriyyədən çıxarılıb: "Bununla bağlı ekspertizalar aparılır. Vətəndaşlar ət və ət məhsulları alarkən yalnız baytarlıq ekspertizasından keçmiş ətləri alsınlar. Bunun üçün satıcıdan baytarlıq sənədini tələb etsinlər. Baytarlıq ekspertizasından keçməyən ətlərin dövriyyədə istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".