Prezidentin imzalamadığı qanun yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq

Prezidentin imzalamadığı qanun yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq
Prezident İlham Əliyevin Milli Məclisə geri qaytardığı  “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Vahid Əhmədov bildirib.
 
Qanun fevralın 9-da Milli Məclisin İqtisadiyyat komitəsinin iclasında qapalı toplantıda geniş müzakirə edilib, əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada Milli Məclisin plenar iclasına tövsiyə edilib.
 
Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun bu il yanvarın 19-da Milli Məclisdə qəbul edilib. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu. Dövlət başçısı sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alaraq, qanunu Milli Məclisə geri qaytarıb.

OXŞAR XƏBƏRLƏR