İlham Əliyev Harçeqanini mükafatlandırdı
Cəmiyyət
14:50 / 20.06.2015
2270
Prezident İlham Əliyev 80 kq dərəcəsində I Avropa Oyunlarının qalibi olan Milad Harçeqaniyə qızıl medalı təqdim edib.
İlk üçlükdə yer alan digər ölkə təmsilçilərini də ölkə başçısı mükafatlandırıb. Prezident İlham Əliyev ailəsi ilə birgə Harçeqaninin final görüşünü yarışların keçirildiyi arenadan canlı izləyib.
Qeyd edək ki, bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib.
Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5). Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub.
O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və Oyunları titulla başa vurub. Rəqibinə 9:4 hesabı ilə qalib gələn taekvondoçumuz çempion adına layiq görülüb./Axar.az
Sfera.az