“Türkiyə kürd dövlətinin qurulmasına psixoloji hazır deyil”

“Türkiyə kürd dövlətinin qurulmasına psixoloji hazır deyil”

7 iyun Türkiyə Böyük Millət Məclisinə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 10% səs itirərək, təkbaşına hökumət qura biləcək qədər yer qazana bilmədi. Bu ölkədə tarixdə ilk dəfə olaraq kürd siyasi hərəkatı kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) seçkidə 12 faiz səs qazandı. Seçicilərin təxminən 5 milyon nəfərinin HDP-yə səs verməsi bu partiyanın parlamentdə 80 millət vəkili ilə təmsil olmasına imkan yaratdı. “Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev Türkiyədə proseslərin sonrakı inkişafını şərh edib. “Qafqazinfo” politoloqun “Yeni nəbz”ə verdiyi müsahibəsini təqdim edir: 

– Razi bəy, kürd terrorunun mövcudluğu şəraitində sizcə, HDP nədən bu qədər yer qazana bildi?

– Adətən HDP nümayəndələri seçkilərə müstəqil namizəd kimi qatılıblar və ötən çağırışda parlamentdə 30-a yaxın millət vəkili ilə təmsil olunub. Budəfəki seçkilərdə isə HDP vahid formada iştirak edərək, 80 mandat qazandı. Xatırladım ki, bu partiya yarandığı ilk zamanlarda kürdlər tərəfindən birmənalı qarşılanmırdı. Hətta o vaxt PKK da onu özünün siyasi qanadı kimi tanımırdı. Amma son 4-5 ildir HDP həmin təşkilatın siyasi varisi rolunda çıxış edir. Və artıq PKK-nın beynəlxalq aləmdə qəbul olunan daha sivil, daha mədəni və daha legitim bir forması kimi yaddaşlarda oturuşa bilib. Bununla yanaşı, HDP-nin siyasi təşkilat olaraq ortaya çıxmasında qurumun həmsədri Səlahəddin Dəmirtaşın da kifayət qədr rolu var. Ötən dövr ərzində HDP özünü müxalif siyasi güc kimi sübut edərək, kəskin mövqe, fərqli proqramlar ortaya qoya bildi. Nəticədə isə parlamentdə 80 yer qazandı. İndiyə qədər hakim AKP-ni dəstəkləyən bir çox kürdlər HDP-yə meyl edərək, səslərini ona verdilər.

– HDP-nin parlamentdə elə Milliyyətçi Hərəkat Partiyası (MHP) qədər yer alması fonunda Türkiyənin gələcəyini necə görürsünüz?

– Mən düşünmürəm ki, HDP hər hansı münaqişənin başlamasında maraqlıdır. Əgər belə bir situasiya baş verərsə, Türkiyə qanunvericiliyənə görə HDP ləğv olunacaq və mandatları əlindən alınacaq. Bu halda HDP hətta beynəlxalq dəstəyi də itirə bilər. Çünki indiki dünya sivil mübarizə tələb edir. Fikrimcə, bundan sonra HDP Türkiyədə tərəddüd içində olan digər kütlələrin və qüvvələrin də səsini qazanmaq üçün daha geniş, daha müstəqil fəaliyyət göstərməyə çalışacaq. Sonda onların hədəfi ona gətirib çıxaracaq ki, artıq Türkiyə cəmiyyətində belə kürd dövlətinin qurulması məsələsi gündəmə gələcək və ictimai rəydə özünə geniş yer alacaq, ən radikal qüvvələr arasında müəyyən yumşalmalar əmələ gəlməyə başlayacaq. Görünən budur ki, artıq Türkiyənin siyasi cameəsində kürd məsələsinə münasibət dəyişib. Hazırda kürd dövlətinin qurulmasına, AKP-nin irəli sürdüyü “barış sürəci”nə (Türkiyə dövləti ilə silahlı PKK təşkilatı arasında gedən danışıqlar – red.) qarşı çıxan yalnız Milliyyətçi Hərəkat Partiyasıdır.

– Kürd seçiciləri mediaya açıqlamalarında HDP-yə inandıqlarını, bu partiyanın bir çox problemləri çözə biləcəyini bidiriblər. Məlumdur ki, indiyə qədər Türkiyə dövləti ilə PKK arasında gedən münaqişədə 40 min insan həyatını itirib. Bəs bu ölkədə terror aktları, silahlı qarşıdurmalar necə, səngiyəcəkmi?

– Qeyd edim ki, “barış sürəci” başlayandan sonra Türkiyədə partlayışlar, insan ölümləri, silahlı qarşıdurmalar xeyli azalıb. Hətta İraq Kürdistanı ilə Türkiyə dövləti arasında isti münasibətlər, iqtisadi əməkdaşlıq yaranıb. İraq Kürdistanı neftini məhz Türkiyənin köməyi ilə dünya bazarına çıxarır. Məncə, Türkiyə dövləti, oradakı qüvvələr kürd probleminin həllində maraqlıdırlar. Hətta ən radikal mövqe sərgiləyən MHP də münaqişənin yenidən başlamasına razı ola bilməz. Ümumiyyətlə, artıq şüurlarda irəliləyişlər əmələ gəlib. Yəni bu gün həm kürdlər, həm də türklər barış istəyir. Sadəcə, ortada olan müəyyən stereotipləri həll etmək lazım gələcək. Məsələ burasındadır ki, Türkiyə öz ərazisində kürd dövlətinin qurulmasına psixoloji cəhətdən hazır deyil. Elə türk xalqının psixoloji durumu da hələ ki buna imkan vermir. Çox güman ki, bunun üçün müəyyən bir zamanın keçməsi tələb olunacaq. Türkiyədə koalisiyon hökumət qurularsa və müxtəlif məsələlərdə ciddi fikir ayrılıqları yaranarsa bundan sui-istifadə halları istisna deyil. Bu zaman kürdlərlə türklər arasında barışı pozmağa cəhd göstərən qüvvələrin fəaliyyətə keçməsi də mümkündür. Bir türkün, yaxud bir kürdün öldürülməsi və ya hər hansı hücumun təşkili, bilərəkdən insanların mənəviyyatına, heysiyyatına toxunulması kütlələr arasında asanlıqla təlatümə, çaxnaşmaya səbəb ola bilər. Odur ki, baş verə biləcək hadisələri önləmək üçün Türkiyədə güclü dövlətin və güclü hökumətin olması lazımdır.

– Sizcə, Türkiyədə seçkilərin nəticələrinin Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsiri gözləniləndirmi?

– Türkiyədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasındakı münasibətlərə xələl gəlməyəcək. Hakimiyyətə gələn istənilən qüvvə Azərbaycanla isti münasibətləri qoruyub saxlamağa çalışacaq. Hətta HDP gücləndikcə onun da ölkəmizlə münasibəti müsbət yöndə inkişaf edəcək. O baxımdan Azərbaycan-Türkiyəmünasibətlərinə zərbə vuracaq heç bir mənfi təsir gözləmirəm.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...