Azərbaycanda 700 quşun adı dəyişdirilir? - RƏSMİ CAVAB
Məsələyə münasibət bildirən Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib ki, ölkə faunasındakı 700 quşun adının dəyişdirilməsi ilə bağlı yayılan xəbərlər yalandır.
Direktor bildirib ki, bir müddət əvvəl Zoologiya İnstitutu, Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb. Yekunda da bəzi quş adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib və Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Burada 700 yox, 19 quş növündən söhbət gedir.
Bu 19 quşun bəzilərinin adı dəyişdirilib, bəziləri isə iki adla qeyd edilib.
Terminologiya Komissiyasının rəyindən sonra isə yenidən mütəxəssislər tərəfindən müzakirələr aparılacaq və yekun qərar veriləcək. (Xəzər TV)






