“Bakıya gələn kimi MTN məni saxladı”

“Bakıya gələn kimi MTN məni saxladı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
 
“Şəriət qaydalarının hökm sürdüyü ölkədə yaşamaq istəyirdim”
 
Təqsirləndirilən şəxs qismində dindirilən, ləqəbi “Abu İbrahim” olan 1990-cı il təvəllüdlü Elşən Qurbanlı elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib.
 
E.Qurbanlı ifadəsində 2012-ci ildən etibarən İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, Suriyada və İraqda gedən prosesləri internet vasitəsilə izlədiyini, Suriyaya hicrət edib dini rahat yaşamaq istədiyini, ora cihad məqsədilə getmədiyini göstərdi: “2012-ci ildən namaz qılırdım. Namaz qıldığıma və saqqal saxladığıma görə evdə problemlər olurdu. Şəriət qaydalarının hökm sürdüyü bir ölkədə yaşamaq istəyirdim.
 
22 may, 2014-cü ildə mənimlə eyni əqidədə olan Elməddinlə birgə Türkiyənin Qaziantep şəhərinə yola düşdük. “Ənəs” ləqəbli birinin verdiyi nömrədən “Abu Bəkr” adlı türkə zəng vurdum. O, bizi qarşılayıb Suriya sərhədi istiqamətinə apardı. Sərhəd zolağında yerləşən tikanlı məftillərin arasından Suriyaya keçdik. Sərhədi keçən kimi 4-5 nəfər ərəb bizi qarşılayıb Yerablus şəhərinə apardılar. Bizi üçmərtəbəli bir evdə yerləşdirdilər.
 
Həmin evdə müxtəlif millətlərin nümayəndələri toplaşmışdılar. Sənədlərimizi məcburi şəkildə əlimizdən aldılar. 18 gün həmin evdə qaldıq.
 
Orada olarkən “Zeyd”lə (təqsirləndirilən Bəhruz Rəsulovu nəzərdə tutur-red.) tanış oldum. “Zeyd”in deməsinə görə, o, Suriyaya öz həyat yoldaşı ilə gəlmişdi. Təlimlərdə iştirak etmək üçün bizi Rakka şəhərinə apardılar. Rakkada İŞİD-in təlim düşərgəsi yerləşirdi. Təlimlərdə bizə dini, fiziki hazırlıq dərsləri keçirdilər, avtomat silahdan istifadə və atəş qaydaları öyrədirdilər. Bu təlimlərdə Elməddin, “Zeyd” və “Əbu Xalid”lə (təqsirləndirilən Nadir Əlixanovu nəzərdə tutur-red.) birlikdə iştirak edirdik.
 
Nadir də Suriyaya öz həyat yoldaşı ilə gəlmişdi. O, arabir ailəsi ilə görüşmək üçün Rakka şəhərinə gedirdi. Təlimlər başa çatandan sonra “Azəri camaatı”na əmirlik edən, ləqəbi “Xəttab” olan Dəyanət Yadigarovun dəstəsinə qoşulduq. Dəstədə iki-üç nəfər rus da vardı. “Azəri camaatı” İraqa döyüşə gedəndə Anbar vilayətində, Suriyaya qayıdanda isə Rakka şəhərində qalırdı”.
 
“Partlayışda 35 nəfər öldü, Elməddin də onların arasında idi”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ramazan ayı bitəndən sonra “Xəttab” onlara İraqa hərbi yürüşə hazırlaşdıqlarını deyib, amma o “Xəttab”a döyüşmək istəmədiyini bildirib: “Mən döyüşmək istəmirdim. Azərbaycana qayıtmaq fikrində idim. Xəttab isə deyirdi ki, İraqın Hədisə şəhərini “Maliki əsgərlər”dən azad etməliyik.
 
Hədisə şəhəri istiqamətinə yola düşdük. Səhrada maşınların gəlməsini gözlədik. Bir neçə saatdan sonra ərəblər iki maşınla gəldilər. Maşınların hər ikisi partlayıcı qurğularla doldurulmuşdu. Şəhərə çatmağa az qalmış fasilə üçün dayandıq. Ərəblərdən biri avtomobildə nəyisə bilmədən qurdaladı. Bu zaman ehtiyatsızlıqdan partlayış baş verdi. Başımdan xəsarət alıb çoxlu qan itirdiyimə görə məni xəstəxanaya apardılar. Bu partlayışda 35 nəfər həlak oldu. Onlardan 6 nəfəri azərbaycanlı idi. Elməddinin öldüyünü, “Xəttab”ın isə ölümcül yaralandığını eşitdim”.
 
Təqsirləndirilən şəxs ifadəsində Azərbaycana qayıtmaq fikrinə düşdüyünü, amma İŞİD üzvlərinin onu buraxmaq istəmədiklərini göstərdi: “Baş vermiş bu uğursuz partlayış mənə çox pis təsir etmişdi. Ümumiyyətlə, bu hadisələrdən peşman olmuşdum, Azərbaycana qayıtmaq istəyirdim. Amma İŞİD üzvləri məni buraxmaq istəmirdilər. Onlara yalan danışaraq ələ aldım, sənədlərimi verdilər, silahımı aldılar. Türkiyəyə gəldim. Ailə üzvlərimlə əlaqə saxlayıb məni Türkiyədən götürmələrini onlara dedim. Bir neçə gündən sonra əmim və qardaşım gəlib məni Azərbaycana apardılar. Bakı şəhərinə çatanda hava limanında MTN əməkdaşları tərəfindən saxlanıldım.
 
Mən ora döyüşməyə getməmişdim. Axı hardan biləydim ki, başıma bu işlər gələcək?! Sadəcə olaraq dini asudə şəkildə yaşamaq istəmişəm, vəssalam. Amma ittihamda o qədər şeylər yazıblar ki...”
 
“Məni inandırırdı ki, ora getsəm, əsl müsəlman kimi yaşayacam”
 
Təqsirləndirilən şəxs qismində dindirilən “Zeyd” ləqəbli, 1986-cı il təvəllüdlü Bəhruz Rəsulov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildi.
 
B.Rəsulov ifadəsində 2012-ci ildən ibadətlə məşğul olduğunu göstərdi: “Şəriət qaydalarının hökm sürdüyü bir yerdə yaşamaq istəyirdim. Suriyaya Abuzərin vasitəçiliyi ilə getmişik. Çünki İslam şəriətinə uyğun yaşamaq istəyirdim. Məni inandırmışdılar ki, ora getsəm, əsl müsəlman kimi ömür sürəcəyəm.
 
2014-cü ilin may ayında özlüyümdə qəti qərara gəldim ki, Suriyaya gedim. Bu barədə həyat yoldaşıma dedim. Türkiyə ilə sərhəddi qanunsuz yolla keçmişdik. Valideynlərimə Türkiyədə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan şirkətdə iş tapdığımı, həyat yoldaşımı da götürüb ora gedəcəyimi dedim.
 
Ötən ilin may ayının sonlarında yoldaşımı da götürüb Türkiyəyə getdim. Bizi Yerablus şəhərindəki düşərgədə yerləşdirdilər. Kişilər və qadınlar ayrı-ayrılıqda saxlanılırdı. Pasportlarımızı və mobil telefonlarımızı əlimizdən aldılar.
 
Bir müddət sonra bizi Rakka şəhərindəki başqa bir təlim düşərgəsinə göndərdilər İki ay Rakkada qaldım. Heç bir döyüşdə və hərbi təlimdə iştirak etməmişəm. Bizə dini dərslər keçirdilər, İŞİD-in Suriyada yaratmaq istədiyi şəriət qanunu ilə idarə olunacaq dövlət və ona sadiqlik barədə danışırdılar. Əqidə dərsləri ərəb dilində keçirilirdi. Ərəb dilini bilmirdik, türkcə tərcümə edirdilər.
 
Bir həftə qalandan sonra Azərbaycana qayıtmaq istəyirdim. Bu barədə “Əbuqarib”ə deyəndə o, bunun mümkün olmayacağını, bir daha belə müraciət edərsə, məni həbs edəcəyini bildirdi. Mədəmdə yaranan xəstəliklə bağlı hərbi təlimlərdə iştirak edə bilmirdim”.
 
“Geri qayıdanları ya öldürür, ya da türməyə salırdılar”
 
Həyat yoldaşım Suriyada olduğu müddətdə nə İŞİD-ə, nə də onun tərkibində fəaliyyət göstərən hər hansı silahlı birləşməyə qoşulmayıb. Dörd ay ərzində İŞİD-dən ayda təxminən 50 dollar və bir az ərzaq yardımı almışdım. Arabir Elşənlə və Elməddinlə görüşürdüm. Onlar “Xəttab camaatı”na qoşulmuşdular.
 
2014-cü ilin avqust ayında Elşəngil “Xəttab”ın onları İraqa yürüşə hazırladığını dedilər. Sonradan Elməddinin partlayış zamanı həlak olduğunu eşitdim. İŞİD üzvləri məni zorla Kobani şəhəri uğrunda gedən döyüşlərə aparmaq istəyirdilər. Başa düşmüşdüm ki, geri qayıtmağıma icazə verməyəcəklər. Onlar geri qayıdanları ya öldürür, ya da həbsxanaya salırdılar. Ona görə də qaçmaq üçün yollar axtarırdım.
 
Nəhayət, arvadımla birgə “Abu Zəki” ləqəbli bir nəfərin köməkliyi ilə Suriya sərhədindən keçib Türkiyəyə gəldik. Orada Azərbaycan konsulluğuna gedib özüm üçün qayıdış vərəqəsi aldım. Çünki pasportum İŞİD-in üzvlərində qalmışdı. Ötən ilin noyabr ayında Azərbaycana qayıdanda hava limanında MTN əməkdaşları tərəfindən həbs olundum”.
 
“Həyat yoldaşımla birlikdə Suriyaya getdik və...”
 
Təqsirləndirilən şəxs qismində dindirilən “Əbu Xalid” ləqəbli, 1985-ci il təvəllüdlü Nadir Əlixanov ifadəsində 2006-cı ildən ibadətlə məşğul olduğunu, Suriyada hökumət qüvvələrinə qarşı aparılan cihadı internetlə izlədiyini, ailəsi ilə birlikdə Suriyaya hicrət etmək qərarına gəldiyini göstərdi: “Həyat yoldaşıma Suriyaya gedəcəyimi bildirəndə o, əvvəlcə etiraz etsə də sonra razılaşdı.
 
Ötən ilin may ayının 22-də ailəmlə birlikdə Türkiyəyə getdik, oradan qaçaq yolla Suriya ərazisinə keçdik. Suriya tərəfdə bizi “Abdulrahim” adlı şəxs qarşıladı və Sulik qəsəbəsinə gətirdi. On gün həmin qəsəbədə qaldıq. Cihada gedən qadınlar bir evdə, kişilər isə başqa evdə qalırdılar.
 
Sonra təlim keçmək üçün bizi Rakka şəhərindəki düşərgəyə apardılar. Orada bizə odlu silahdan istifadə, döyüş hazırlığı, atıcılıq dərsləri keçirdilər. Dörd gün təlimlərdə qalandan sonra ailəmi ziyarət etmək üçün düşərgədən uzaqlaşdım. Sağlamlığım hərbi təlimlərdə iştirak etməyə tab gətirmirdi”.
 
“Geri qayıtmaq istəyənləri Türkiyə sərhədinə aparıb öldürürdülər”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, İŞİD-in tərkibindəki “Ərəb camaatı”na qoşulub və iki ay ərəblərlə birlikdə yaşayıb. Bir müddət sonra İŞİD terrorçuları ona döyüşlərdə iştirak etməli olduğunu dedikdə döyüşməkdən imtina edib: “Geri qayıtmaq istəyirdim, peşman idim. Amma geri qayıtmaq istəyənləri ya həbs edir, ya da Türkiyə sərhədinə aparıb orada öldürürdülər. Orada olduğum müddətdə üç uşağıma ayda 35 dollar və ərzaq veriblər. Amma mən döyüşməkdən imtina etdiyimə görə mənə ayrılan maddi yardımı vermirdilər. Həmçinin döyüşlərdə iştirak etməsəm, məni həbs edəcəkləri ilə hədələyirdilər. Həm ailəmə, həm də özümə qarşı təhlükə vardı.
 
Mən ora döyüşmək niyyəti ilə getməmişdim. Azərbaycana qayıtmaq istəyirdim. Yerli camaatdan olan qaçaqlardan birinin vasitəsilə Türkiyə sərhədinə gəldik. İstanbula gələndən sonra ailəmlə birlikdə üç ay Mehmet adlı tanışımın evində qaldıq”.
 
“Mən ətir satmaqla məşğul olmuşam”
 
Təqsirləndirilən şəxs qismində dindirilən “Əbdüləziz” ləqəbli, 1979-cu il təvəllüdlü Kamran Əzizov ona elan olunan ittihamlarla özünü təqsirli bilmədi: “6-7 il olar ki, “sələfi” məzhəbi üzrə ibadət edirəm.
 
Məni MTN-ə çağırıb Suriyaya gedib-getmədiyimi soruşdular. Dedim ki, Türkiyəyə və Suriyaya alverə gedirəm, tələbə vaxtlarımdan bəri alverlə məşğul oluram. Mən 2012-ci ildə Suriyaya gedib-gələndə orada İŞİD-filan yox idi. Mənim işim ancaq Suriyadan ətir gətirib satmaqdan ibarət olub. İttihamda yazılanları oxuyanda təəccübləndim. Axı mən heç bir cinayət törətməmişəm. Məni “Liva-ət Tövhid” təşkilatını üzvü kimi göstəriblər orada. Əgər orada olmuşamsa, bir şahid qoysunlar, bir şəkil göstərsinlər. MTN-də saxlandığım dövrdə dəfələrlə müvafiq qurumlara şikayət ərizəsi yazmışam”.
 
“Ermənilərə qarşı vuruşmuşam”
 
Təqsirləndirilən şəxs qismində dindirilən “Zübeyr” ləqəbli, 1981-ci il təvəllüdlü Tural Məmmədov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilmədi: “MTN-də mənə dedilər ki, biz bilirik, İŞİD-in tərkibində olmusan. Dedim ki, bəli, döyüşmüşəm, amma İŞİD-in tərkibində yox, yerli türkmənlərlə birlikdə ermənilərlə qarşı döyüşmüşəm. ASALA terror təşkilatına qarşı döyüşüb qisasımı almışam.
 
Mən ətir satışı ilə məşğul olan adamam. Sumqayıtda ətir mağazam da var. Kamranla şərik işləmişik. Türkiyə ilə sərhəd olan Dariza kəndinə də məhz bu məqsədlə getmişik”.
 
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər BMT tərəfindən terror təşkilatı kimi tanınan “İraq Şam İslam Dövləti” adlı cinayətkar birliyin tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində cinayətkar birlik halında Suriya və İraq ərazisində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak ediblər. Onlar terrorçuluq cinayətinin törədilməsinə yönələn əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyiblər. Həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikası və İraq Respublikası qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmayıblar.
 
İstintaqla həmçinin müəyyən olunub ki, Kamran Əzizov və Tural Məmmədov İŞİD-in tərkibinə daxil olan “Liva-ət-Tövhid” adlı silahlı birləşmənin fəaliyyətində iştirak ediblər.
 
Daha sonra məhkəmədə şahidlər dindirilib. Məhkəmə prosesi iyunun 13-ə kimi təxirə salınıb. //Virtualaz.org
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...