Bağlanan bankın müştərilərinin diqqətinə - Əmanətlərinizi bu bankdan alacaqsız
““Bank of Azerbaijan”ın əmanətçiləri öz əmanətlərini “Muğanbank” vasitəsilə alacaq”.
"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib. O bildirib ki, əmanətçilər iş günü ərzində banka yaxınlaşıb qorunan əmanətlərini ala bilərlər:
“Həftənin birinci günündən müştərilər bankın istənilən filialına yaxınlaşsınlar”.
Şaiq Ələkbərov həmçinin qeyd edib ki, digər bağlanmış 5 bankın əmanətlərini də müştərilərə qaytara bilərlər:
"Bu barədə Əmanətlərin Sığortalanması Fonduna təkliflərimizi vermişik. Bizim belə təcrübəmiz var, 2012-ci ildə "Royalbank" bağlanan zaman əmanətlər bizim bank tərəfindən qaytarılmışdı".
***
Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov bildirib ki, "Bank of Azerbaijan"ın 24 milyon kompensasiya olunan əmanəti var:
"7342 nəfərin qorunan əmanəti var, 6599 nəfərin isə kompensasiya olunan əmanəti var. Sabahdan etibarən əmanəti kompensasiya olunan əmanətçilər əmanətlərini "Muğanbank"dan və Naxçıvanda olan müştərilər isə "Rabitəbank"dan ala bilərlər".






