Azərbaycan Ordusunun aprel zəfərindən 3 il ötür
Ordumuzun 2016-cı ilin aprelində işğalçı Ermənistan hərbi qüvvvələri üzərində qazandığı şanlı qələbədən üç il ötür.
Xatırladaq ki, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Ermənilərin Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri atəşə tutması nəticəsində 6 nəfər mülki şəxs həlak olub, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 232 fərdi yaşayış evi və digər sosial obyektlər dağıdılıb. Ermənistanın bu təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib. 4 günlük döyüşlərdə Silahlı Qüvvələrimizin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirib. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb. Həmçinin Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edilib.Döyüşlərin yekunu olaraq 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi nəzarətimiz altına keçib






