Nərgiz Cəlilova SİRLƏRİNİ AÇDI: "O, romantik keyfiyyətlərə malikdir" - FOTO
Cəmiyyət
23:19 / 20.03.2019
3121
Tanınmış televiziya aparıcısı və prodüser Nərgiz Cəlilova Publika.az-ın "Mücrü” rubrikasının zinət əşyaları və qadın gözəlliyi haqqında ənənəvi suallarını cavablandırıb.
- Geyimin uğurlu alınmasında bəzək əşyalarının rolu böyükdür. Nərgiz xanım, biz bunu sizin timsalınızda hər zaman görürük. Maraqlıdır ki, zinət əşyası və ya aksessuar seçərkən əsas nələrə diqqət edirsiniz?
- Əlbəttə ki, ilk növbədə geyimə uyğunluğu nəzərə alıram. Ümumiyyətlə, obrazı çox sayda bəzək əşyaları ilə tamamlamağı xoşlamıram, bu mövzuda daha minimalistəm. Minimalizm mükəmməlliyə çatmış sadəliyi ifadə edir. Çalışıram ki, aksessuarlar qədərində olsun. Çünki istər zinət əşyaları, istərsə də aksessuarlar qiyafənin ayrılmaz hissəsidir. Hansı geyimi hansı bəzək əşyaları ilə tamamlamaq lazım olduğunu, yəni ölçü hissini bilmək vacibdir. Onları bir-biri ilə yaraşdıra bilməlisən ki, bütövlükə obraz cazibədar görünsün. Odur ki, bəzən çətinlik çəkdiyimi gizlətməyəcəm. Bu məsələdə dəb dərgiləri köməyimə gəlir.
Yerli brendlərini yaradan çox istedadlı dizaynerlərimiz var ki, onların işlərinə sevə-sevə müraciət edirəm. Məsələn, elə indi də qulaqlarımda olan sırğalar Azərbaycanın bir aksessuar markasına aiddir.
- Sizi hər dəfə görəndə elə təəssürat yaranır ki, Nərgiz Cəlilovanı hansısa peşəkar stilist geyindirib. Hər çıxışınızda belə zövqlü görünməyi necə bacarırsınız?
- Moda jurnallarını və fəşn bloqlarını yaxından təqib edərək bu sahədə biliklərimi artırmağa çalışıram. Həmçinin moda mütəxəssisləri olan dostlarımla məsləhətləşirəm. 35 ildən çoxdur ki, televiziyada çalışıram, istər-istəməz bu mənada da təcrübə yığırsan və öz üzərində tətbiq edirsən.
- Sizin üçün özəl zinət əşyası varmı ki, ona baxanda keçmiş xatirələr yada düşür?
- Bir çox zinət əşyaları və hədiyyələr var ki, onlara baxanda ötən illər yada düşür. Ümumiyyətlə, dostlarımın və doğmaların hədiyyə etdiyi bəzək əşyalarını taxmağı xoşlayıram. Xüsusilə onlarla görüşə gedərkən mənə verdikləri hər hansı hədiyyəni taxmaq çox xoş olur.
- Zinət əşyalarının irsən ötürülməsinə necə baxırsınız?
- Bu ənənəni yaşatmağa dəyər. Qızıl və brilyantlar elə bir əşyadır ki, nəsildən-nəsilə bir-bir ötürülür. Həm bacımda, həm məndə, həm də qardaşımın həyat yoldaşında anamdan bəzi zinət əşyaları miras qalıb. Biz onları göz bəbəyimiz kimi qoruyuruq və dəyişdirmirik. Mən də onları gələcəkdə qızıma bağışlayacam. Qızım da öz növbəsində nənəsinin xatirəsini sevə-sevə yaşadacaq və əlbəttə ki, bundan zövq alacaq. Sözsüz ki, ana və nənələrimiz unudulmur, amma onlardan miras qalan hər hansı zinət əşyası taxdığımız onların xatirələri, siluetləri və simaları sanki gözümüzün önündə canlanır...
- Bahalı daş-qaşların müalicəvi təsir göstərdiyinə inananlardansınız?
- Əslində, inanıram və bilirəm ki, daşların belə xassələri var. Bununla belə bürcümə uyğun olan daşlarla xüsusi olaraq maraqlanmamışam. Belə inanclara çox fikir vermirəm. Var elə insanlar ki, bu inanclar onların həyat tərzinə çevrilir, məndə belə deyil.
- Amma bilirəm ki, mirvarilərə sevginiz daha böyükdür.
- Belə də demək olar. Onların yaranma prosesi bir çox cəhətdən diqqət doğurur. Molyuskların balıqqulağılarından çıxarılan mirvari həm orqanik mənşəlli mineral, həm qiymətli daşdır. Bu, molyusklardan əldə edilən yeganə zərgərlik materialıdır, onlar təxminən 200 il saxlanıla bilər! Odur ki, mirvarinin bənzərsiz gözəlliyi min illərdir ki, hamını heyran edir.
Mirvari bütün dünyada ən sirli daş hesab edilir. O, inanılmaz ovsunlayıcı və romantik keyfiyyətlərə malikdir. Dünyada onun ilahi mənşəyini təsdiq edən bir çox əfsanə və rəvayətlər mövcuddur.
- Bəs elə bir talismanınız varmı ki, sizə uğur gətirdiyini düşünür və bu səbəbdən də üzərinizdən çıxarmaq istəmirsiniz?
- Yox, həm öz aldıqlarımı, həm də yaxınlarımın hədiyyələrini həmişə böyük sevinclə taxmışam və onlar arasında ayrıseçkilik etdiyimi xatırlamıram.
- Bionergetiklər düşünür ki, ləl-cəvahirat pulla eyni enerjiyə malikdir. Kim daha çox qızıl-brilyant arzu edirsə, onlar o adama da qismət olur.
- Anam zinət əşyalarına qarşı həssas idi, bahalı daş-qaşları çox sevərdi. Gənclik illərində bacımla mən anamdan icazə alıb onun zərgərlik məmulatlarını taxardıq. Biz ailə həyatı qurduqdan sonra anam sağlığında öz zinət əşyalarını bizə hədiyyə etdi.
- Qızıllardan və brilyantlardan söz düşmüşkən, Merilin Monronun "Qızların ən yaxşı rəfiqələri brilyantlardır” ifadəsini xatırlamasaq, olmaz. Sarışın aktrisanın bu sözləri ilə həmfikirsiniz?
- Bu fikirlə çox da razılaşmıram. Düşünürəm ki, insanın ən yaxın sirdaşı onun yaxınları və doğmalarıdır. Elə mənim ən yaxın dostlarım doğmalar və ailə üzvlərimdir. Hər halda brilyantları və daş-qaşları mən birinci yerə qoymazdım.
- Kişinin qəlbinə gedən yol mədəsindən keçir. Bəs qadın qəlbinə gedən yol haradan keçir? Burada bahalı zinət əşyasının payı ola bilərmi?
- Bu, sevgi, diqqət, qayğı və hörmət hissləri ilə bağlıdır. İnanmıram ki, saf duyğuları olan bir xanım hər hansı kişiyə bahalı hədiyyələrinə görə aşiq olsun. Belə bir məsəl də var: "Neyləyirəm o qızıl teşti ki, içinə qan qusacam”. Bu məsəldə dərin məna yatır. Ailədə səadət yoxdursa, doğmalarla mehriban münasibət yoxdursa, bağışlanan bahalı əşyalar qadını nə qədər sevindirə və xoşbəxt edə bilər ki? Nəticə etibarı ilə insanı xoşbəxt edən bahalı daş-qaş deyil, daha dəyərli amillərdir, xoş münasibət, müqəddəs hisslər, dəyər, qayğı və sevgidir.
- Qadına zinət əşyalarından sayavı parıldamağa nə kömək edir?
- Onun iç dünyası, insanlara qarşı rəftarı, peşəsinə olan münasibəti və s. bu kimi səbəblər. Məsələn, biz səhnəyə çıxanda zinət əşyası taxmasaq da, istər sözlərimizlə, istərsə də baxışlarımızda parıldamağa və qarşı tərəfə xoş enerji ötürməyə çalışırıq. Biz işimizlə və peşəkarlığımızla parıldamağa üstünlük veririk. Əgər peşəkar deyilsənsə, səni nə taxdığın bahalı zinət əşyaları, nə də bahalı qiyafələrin xilas edəcək. Bütün bu detallar artıq öz önəmini itirəcək.
- Nərgiz xanım, sizi illərdir ki, açıq saç rənglərində görürük. Nə vaxtsa tünd saç tonlarına keçməyi düşünürsünüz?
- Bu ənənəni dəyişə bilmərəm, çünki öz saçlarım tam bəyazdır, demək olar ki, qara tel yoxdur. Bir həftədən sonra ağ saçlar görünməyə başlayır, qara rəngin fonunda onlar çox səliqəsiz və çox pis görüntü yaradır. Bu baxımdan məcburam ki, saçımı yalnız açıq rənglərə boyayım.
- Televiziya və sənət dünyası bir müddət sonra yaradıcı adamları yorur və onlar bu sahədən getməyə qərar verir. Siz nə vaxtsa bu sənətdən uzaqlaşıb biznes ledi olmaq istəmisiniz?
- Biznesdə bacarıqsızam. Yaradıcılıqla bağlı istənilən işi icra edə bilərəm, müxtəlif media mərkəzlərində master-klaslar keçirəm, redaktə işini çox gözəl bilirəm, həmçinin montaj işini bacarıram. Sənət dünyası məni yormur, əksinə daha da ruhlandırır, işimə qarşı həmişə böyük məhəbbətim olub. Özümü başqa sahədə sınamaq fikrim yoxdur, məndən heç vaxt biznes ledi çıxmaz.
- Bəs aktrisa kimi özünüzü ekranda görmək istərdinizmi?
- Bundan sonra arzulamıram, aktrisalığa gənc yaşlarından başlamalısan. Hətta hətta uşaqlıq illərindən təcrübə yığa-yığa püxtələşmək lazımdır. Amma televiziyaya təzə gələndə rejissor Vaqif Behbudovun çəkdiyi bir multiplikasiya filmində ana rolunda çəkilmişəm. Yəni yadigar bir filmim var.
- Müsahibə üçün minnətdaram.