Abid Şərifovdan qadağa qərarı haqda - Açıqlama

Abid Şərifovdan qadağa qərarı haqda -  Açıqlama

“Bakı şəhəri rayon qeydiyyatında olan, respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn minik avtomobilləri üçün açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq”. 

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qəbul etdiyi qərarı şərh edən Komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifov bildirib ki, bölgələrdən kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri 24 saat ərzində Bakıya daxil ola bilər: "Marşrut taksiləri, adi taksilər Bakı Beynəlxalq Avtovağzalına buraxılacaq. Ancaq rayondan gələn bu taksilər şəhərin mərkəzində, "Tarqovı"da gəzməli deyil. Bu taksilər avtovağzalda sərnişinlərini düşürüb, yeni sərnişinlərini yığıb geri qayıtmalıdır".

A. Şərifov sentyabrın 1-ə qədər şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların təşkili və bu müddət ərzində duracaqların tikintisi ilə bağlı Daxili İşlər Nazirliyinə verilən tapşırığa da aydınlıq gətirib: "Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Tikiləcək bu duracaqlar yük avtomobilləri üçün olacaq. Çünki rayondan gələn 10 tonluq yük avtomobillərinin dayanması üçün duracaqlar yoxdur. Bu yük avtomobilləri üçün duracaqlar təşkil edirik ki, şəraitləri olsun. O yük avtomobillərinin sürücüləri də insandırlar, yanlarında da bəlkə kimsə var, heç olmasa oturub orada çay içə bilsin. Duracaqlar pulsuz olacaq, həmin şəxslər isə orada qalmaq istəməyəcəklərsə, duracaqlardan şəhərə avtobuslar, taksilər işləyəcək, avtobus və taksilərlə şəhərə gələ bilərlər".


OXŞAR XƏBƏRLƏR