Bu gün şəhid mayorumuzun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstituna qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır.1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmışdır.
Dəfələrlə rayon sovetinə deputat seçilmişdir. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci il yanvarın 15-də prezidentin fərmanı ilə ölümündən sonra"Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb. Evli idi. Üç övladı var.






