İcra başçısı səyyar-qəbul keçirdi - Fotolar
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Qeyd edib ki, Böyük Bəhmənli kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edir. Kənddə iki məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Görüşdə kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqlar həll olunub. Sakinlər tərəfindən kəndə əlavə transformatorun qoyulması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin olunması, işsiz gənclər üçün yeni iş yerlərinin yaradılması, kəndarası yollara çınqıl tökülməsi, şor və dren kanallarının təmizlənməsi, məktəblərin qızdırılması, aztəminatlı ailələrin tibbi müayinəsinin təşkili kimi məsələlər artıq öz müsbət həllini tapıb.






