“Azərbaycan heç bir ölkəyə qarşı savaş açmayıb”
Kateqoriya məlum deyil
Fərid Şahbazlı: “Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla bərabər, həmtəsisçi statusunda çıxış edirlər”
“Düşünürəm ki, Vaşinqtonda keçiriləcək sammitdən sonra Azərbaycanla ABŞ arasında münasibətlər bərabərhüquqluluq prinsipi çərçivəsində uğurla inkişaf edəcək”
Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Amerika onu tanıyan ölkələr arasında ön sıralarda yer aldı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerikada səfirliyi fəaliyyətə başladı.
Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bunun ən gözəl nümunəsidir. Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı - Tiflis - Ceyhan neft kəməri məhz ABŞ administrasiyasının dəstəyi ilə inşa edilmiş və istifadəyə verilib. Bu neft kəmərinin tikintisi Azərbaycana öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də yeni enerji dəhlizi, yeni marşrut kimi önəm qazanıb.
Azərbaycanın xüsusilə etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər.
Bununla yanaşı, "Ərəb baharı", Wikileaks olayı, Amerika əsgərlərinin İraqdan çəkilməsi, Əfqanıstan tranzitinə diqqətin azalması, Birləşmiş Ştatların Yaxın Şərq və Cənubi Qafqazda bəzi separatçı qüvvələri dəstəkləməsi, həmçinin ABŞ-la Avropanı bürüyən iqtisadi çətinliklər və Nabucco kimi bahalı layihələrin gündəmdən düşməsi Vaşinqtonun regionda maraqlarını həvalə etdiyi bir çox müttəfiqləri kimi, Azərbaycanla da münasibətlərinə təsirsiz ötüşməyib. Bu soyuqluq dərinləşməkdə davam etdi və rəsmi Bakı Vaşinqtondan öz siyasətini yenidən gözdən keçirməsini, aradakı etimadı sarsıdacaq addımlardan çəkinməsini tələb etdi.
Ötən il də davam edən soyuqluğun ardından, münasibətlərdə yeni səhifə aça biləcək hadisə yaşandı. ABŞ Prezidenti Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etdi. Ermənistanın deyil, məhz Azərbaycanın rəhbərinin bu tədbirə dəvət edilməsi siyasi müşahidəçilərin diqqətini cəlb etdi. Bu iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənəcəyi, yeni səhifə açılacağı, münasibətlərdəki soyuqluğun aradan qaldırılacağı yönündə mülahizələr yürüdülməyə başladı. Bu və digər mövzular, həmçinin gənclərimizin Azərbaycanın xarici siyasətində nə dərəcədə rol üstlənmələri, beynəlxalq aləmdə uğur qazanılmasında nə kimi fəallıq göstərdikləri məsələsində "Bizim Yol"un suallarını "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı cavablandırır:
- Azərbaycan xarici siyasətdə seçimə sürüklənir sanki. Bir tərəfdə təhlükəli qonşular - Rusiya və İran, digər tərəfdə güclü Qərb dünyası və qardaş Türkiyə. Bizim yolumuz nə olmalıdır?
- Həqiqətən də, bölgədə və dünyada siyasi ehtirasların son dərəcə alovlandığı, bir sıra ölkələr arasında münasibətlərin ciddi şəkildə kəskinləşdiyi bir dönəmdəyik. Şübhəsiz ki, bu proseslər geosiyasi mövqeyi, müstəqil xarici siyasət yürütməsi və dünyada hər ötən gün artan nüfuzundan dolayı Azərbaycandan da yan keçə bilməz. Düşünürəm ki, belə mürəkkəb siyasi situasiyada Azərbaycanın yürütdüyü xarici siyasət kifayət qədər məqsədyönlü və uğurludur. Bu siyasət Azərbaycanın milli və dövlət maraqlarına söykənməklə, dövlətimizi belə gərgin şəraitdən maksimum az zərərlə çıxarmağa xidmət edir. Düşünürəm ki, xalqdan da böyük etimad görən bu siyasət qətiyyətlə davam etdirilməlidir.
- Son zamanlarda Azərbaycanla ABŞ arasında soyuq savaş yaşanırdı. Və bu günlərdə Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etdi. Sizcə, bu jest idimi və nəyə hesablanıb?
- Azərbaycan heç bir ölkəyə, o cümlədən ABŞ-a qarşı savaş açmayıb. Əksinə, ölkəmiz zaman-zaman Azərbaycanın müstəqil xarici siyasətindən narahatlıq keçirən beynəlxalq dairələrin hədəfinə çevrilib. Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıqda maraqlıdır. Hər kəs qəbul etməlidir ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu yolla müstəqil siyasət həyata keçirməkdən çəkindirmək mümkün deyil. Bu mənada düşünürəm ki, Barak Obamanın Prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etməsi Cənab Prezidentin şəxsi siyasi nüfuzuna və Azərbaycanın bölgədə artan siyasi gücünə olan adekvat münasibətdir.
- İlham Əliyevin həmin sammitdə iştirakı ABŞ-Azərbaycan münasibətlərində yaranan soyuqluğu aradan qaldıra bilərmi və hansı yeni səhifələr açıla bilər?
- Qeyd etdiyim kimi, Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq münasibətlərinin qurulmasına çalışır. Ölkəmiz uzun illərdir ki, terrorçuluqla mübarizə, hərbi əməkdaşlıq və bir sıra digər sahələrdə ABŞ-la yaxından əməkdaşlıq edir. Şübhəsiz ki, bu sammitdə Azərbaycanın iştirakı ikitərəfli münasibətlərin gələcək inkişafı xüsusunda olduqca əhəmiyyətli məqamdır. Düşünürəm ki, Azərbaycanla ABŞ arasında münasibətlər bu sammitdən sonra da bərabərhüquqluluq prinsipi çərçivəsində uğurla inkişaf edəcəkdir.
- Necə düşünürsünüz, Azərbaycanın taleyüklü məsələlərinin həllində gənclərin rolu artıbmı? Məsələn, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gənc nəsil nə işlər görə bilir?
- Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təbliği məsələsi Azərbaycan gəncliyinin qarşısında duran ən ümdə vəzifələr sırasında ilk pillədə gəlir. Gənclərimiz həm fərdi qaydada, həm də gənclər təşkilatları səviyyəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşası istiqamətində fəal iş aparırlar. Xüsusən də xaricdə təhsil alan gənclərimiz Qarabağ həqiqətlərinin təbliği işində yaxından iştirak edərək, oxuduqları universitetlərdə bununla bağlı konfranslar, seminarlar, aksiyalar təşkil edirlər. Gənclərimizin bu fəaliyyəti Azərbaycanın milli donor institutları tərəfindən də aktiv şəkildə dəstəklənməkdədir.
- Bu gün gənclərimizin, gənc fəallarımızın, gənclər təşkilatlarımızın nə kimi beynəlxalq əlaqələri var?
- Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin məntiqi davamı olaraq ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla bərabər, həmtəsisçi statusunda çıxış edirlər. Buna misal olaraq, Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dünya Gənclər Assambleyası və bir sıra digər mühüm beynəlxalq qurumları göstərmək olar. Belə nüfuzlu beynəlxalq qurumlarda təmsilçilik gənclərimizin Azərbaycan həqiqətlərinin dünyada təbliği işindəki fəaliyyətində olduqca mühüm tribunadır.






