Dövlət qurumları ekspertlərlə əməkdaşlığa başladı - Reaksiya

17:55 / 05.02.2019
3963
Son vaxtlar bir sıra dövlət qurumlarının ictimai sektorla - müvafiq sahələrin ekspertləri ilə əməkdaşlığı müşahidə olunur.
Bu sözləri açıqlamasında iqtisadçı Samir Əliyev deyib. Ekspert bildirib ki, əvvəllər bu məsələdə Vergilər Nazirliyi pionerlik edirdisə, hazırda digər qurumlar da bu təşəbbüsə qoşulmağa başlayıblar:
"Mərkəzi Bank rəhbərliyi ötən həftədən başlayaraq ekspertlərlə görüşə başlayıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi də analoji addımları atmaq niyyətindədir. Bu, dünyada uğurla sınaqdan çıxmış bir mexanizmdir və qəbul edilmiş qərarların təsirini daha obyektiv qiymətləndirməyə imkan verir”.
İqtisadçı hesab edir ki, dövlət qurumları bu fəaliyyətlərini ekspertlərlə məhdudlaşdırmamalıdır:
"Bu prosesə vətəndaş cəmiyyəti də cəlb edilməlidir. Bunu Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platformasının şərtləri də tələb edir. Vətəndaş cəmiyyəti bu gün faktiki olaraq fəaliyyət göstərə bilmir. Bunun səbəbi isə QHT və qrant qanunvericiliyinə 2014-cü ildə edilmiş məhdudlaşdırıcı dəyişikliklərdir. QHT-lər təkcə iş yeri və ölkəyə valyuta gətirən bir qurumlar deyil, həm də ekspert bazasının formalaşmasında əsas rol oynayan bir institutdur. Ona görə də hökumət QHT-lərin fəaliyyətinə yaşıl işıq yandırmalıdır. Çünki QHT-lər həm də qeyri-neft ixracatçılarıdır”.
İqtisadçı alim Vüqar Bayramov da beyin mərkəzinə və ekspert icmasına diqqətin artırılmasını vacib sayır:
"Ekspert olaraq Strateji Yol Xəritəsinin hazırlanması prosesinə cəlb olunmuşdum. Xüsusən də sosial mənzillərlə bağlı uyğun qiymətə mənzil təminatı haqda Strateji Yol Xəritəsinin əsas müəlliflərindənəm. Bir ekspert olaraq məhz sənədlərin hazırlanmasında iştirak imkanlarım olub. Bu tip müzakirələr fərqli qurumlarda da təşkil olunur və orada iştirak edirik. Hətta bəzi dövlət qurumlarının rəhbərləri konsultasiya məqsədilə əlaqə saxlayırlar, biz də iqtisadi və sosial məsələlərin müzakirəsini aparırıq”.
Ekspert bildirib ki, dövlət tədqiqat və digər məsələlərdə vətəndaş cəmiyyəti və beyin mərkəzləri ilə birbaşa əməkdaşlığı gücləndirməlidir:
"Xüsusən də iqtisadiyyatın diversifikasiyası və şaxələndirilməsi ilə bağlı islahatlar vətəndaş cəmiyyəti, ekspert icması və beyin mərkəzlərinin rolunun artırılmasını tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın beyin mərkəzləri bir sıra xarici ölkələrdə layihələr icra edir, fərqli biznes qurumları, dövlət və vətəndaş cəmiyyətinin imkan və bacarıqlarının artırılmasına və inkişafına dəstək olmağa çalışır. Beyin mərkəzləri yalnız biliklə dövlət siyasəti arasında deyil, həm də hökumətlə ictimaiyyət arasında bir körpüdür”.Axar.az