«Toydan gələn içki içər də» - Reyddən ŞOK VİDEO
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları ötən axşam gün rayonun istirahət mərkəzlərinə yaxın ərazilərdə qaydaları pozan sürücülərin aşkarlanması məqsədilə reyd keçirib.
Astara DYPB-nin baş müfəttişi İlqar Rəhimzadənin APA TV-yə verdiyi məlumata görə, əsasən rayonun Kələdəhnə kəndi yaxınlığında keçirilən reyd zamanı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokol tərtib edilib.
Reyd zamanı maraqlı anlar da yaşanıb. Polis toydan gələn ailənin hərəkət etdiyi nəqliyyat vasitəsini saxlayarkən sürücünün həyat yoldaşı "Toydan gələn içki içər də" - deyib vəziyyətdən çıxmaq istəyib.
Digər sərxoş sürücü isə sənədlərini təqdim etmək əvəzinə, DYPB əməkdaşının özünü təqdim etməsinə baxmayaraq ondan sənəd tələb edib.
Məsuliyyətdən kənarda qalmağa çalışan daha bir sürücü saxlama əmrini eşitmədiyi üçün hadisə yerindən uzaqlaşmağa çalışsa da, istəyinə nail ola bilməyib.
Protokollar əsasən, spirtli içki qəbul etdiyi halda nəqliyyatın idarə olunması, təhlükəsizlik kəmərinin bağlanmaması, sürücülük vəsiqəsinin olmaması, maşının ön oturacağında uşağın oturdulması, texniki baxışdan keçməmək, avtomobillərə əlavə avadanlıqların quraşdırılması ilə bağlı yazılıb.