FED deyəsən Trampla anlaşdı?

Cəmiyyət
12:46 / 31.01.2019
2734
"FED-in baza faiz dərəcəsini sabit saxlaması ABŞ ixracatına dəstək vermək üçün atdığı addımdır”
Sfera.az-a açıqlamasında bu sözləri Federaı Ehtiyat Sisteminin (FED) bu il keçirdiyi ilk iclasda baza faiz dərəcəsini dəyişməməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Əslində FED-in son qərarı gözlənilən idi. Öncədən də bilinirdi ki, FED bu dəfə faiz artımına getməyəcək, bunu ertələyəcək. Çünki həm Ağ Ev adminstrasiyası, o cümlədən prezident Donald Tramp keçən il baş verən faiz dərəcəsinin artırılması fonunda ciddi etirazlarını bildirirdilər. Onlar faizlərin sürətlə artması, dolların bahalaşmasının Amerika iqtisadiyyatına ziyan vurduğunu söyləyirdilər. Bundan başqa düşünürəm ki, dünyada baş verən bir sıra digər proseslər də FED-in verdiyi son qərarına öz təsirini göstərib. Brexitlə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Belə ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması da maliyyə bazarlarına ciddi şəkildə neqativ təsir göstərib. Çinlə ABŞ arasında ticarət müqaviləsi imzalana bilmir. Onlar arasında danışıqlar aparılsa da, ticarət müharibəsinin davam edəcəyi ehtimalı da hələlik səhnədən çıxmayıb. Bütün bunların nəticəsi olaraq FED faiz artımına getmədi və çox yumşaq açıqlamalar verdi. Bu isə öz növbəsində dollar indeksinin bir dərəcə aşağı düşməsinə səbəb oldu. FED toplantısından öncə dolların indeksi dünya valyutalarına nisbətdə 95 səviyyəsində idisə, indi 94-ə enib. Yəni dollar FED-in son iclasından sonra cüzi də olsa ucuzlaşıb. Bu addım gələcəklə bağlı da müəyyən ip ucları verib. Belə ki, FED keçən il, 2019-cu ildə 3 dəfə faiz artımına gedəcəyini elan etmişdi. Sonradan isə bu fikrindən daşınaraq, faiz artımına iki dəfə gedəcəyini bildirdi. Ən sonda isə məlum olur ki, cari ildə cəmi bir dəfə faiz artımı baş versin. Bu da dünyada dollar indeksinin möhkəmlənməsinin qarşısını alan biləcək faktorlardan birinə çevrilə bilər. Dolların çox baha olması, daha gülü dəyər qazanması ABŞ iqtisadiyyatının ixracat bölümünə ziyan vurur. Ona görə düşünürəm ki, cari ildə FED dolların ciddi şəkildə bahalaşmaması üçün daha yumşaq davranacaq, dəstəkləyici açıqlamalar verəcək. Bu da Amerika ixracatına dəstək vermək üçün nəzərdə tutulan addımlar kimi dəyərləndiriləcək”.
Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin bu il üçün ilk iclası keçirilib. Nəticədə FED baza faiz dərəcəsini sabit-2,25-2,50 səviyyəsində saxlayıb. Keçən il isə FED baza faiz dərəcəsinə fərqli yanaşıb. Belə ki, 2018-ci ilin martında FED faiz dərəcəsini 1,5-1,75, iyunda 1,75-2, sentyabrda 2-2,25, dekabrda isə 2,25-2,50 faiz səviyyəsinədək qaldırıb. Hansı ki, qurumun bu addımı ABŞ prezidenti Donald Trampın heç də ürəyincə olmayıb. O hətta keçən ilin dekabrında FED-ə baza faiz dərəcəsini qaldırmamağı tövsiyyə etdi. FED isə göründüyü kimi prezidentin əleyhinə gedərək, həmin vaxt faiz dərəcəsini qaldırdı. Bu il isə ilk başlanğıcdan göründüyü kimi, FED-lə Tramp həmin məsələdə razılıq əldə ediblər.
ELÇİN