Nikahdankənar seks, molla xeyir-duası...

Nikahdankənar seks, molla xeyir-duası...

İranın geniş və gənc əhalisi arasında boşanma faizinin yüksəkliyinə görə hökumət Amur — məhəbbət tanrısı rolunu öz üzərinə götürərək dövlət tanışılıq saytının açılmasına qərar verib.

 

Sfera.az-ın BBC Azərbaycanca-ya istinadən məlumatına görə, İranda bütün izdivacların 22 faizi boşanma ilə nəticələnir və paytaxt Tehranda bu rəqəm daha yüksəkdir.

Boşanmaların çoxu yaşı 30-dan az olanlar arasında baş verir. Bu yaş qrupu isə ölkə əhalisinin yarısını təşkil edir. Rəsmiləri narahat edən də bu statistikadır.

Bu ilin əvvəllərində tanışlıq saytının yaradılması planlarını elan edərkən ölkənin idman və gənclər naziri Mahmud Qolzari ümid etdiyini bildirmişdi ki, bu sayt İranda 100 min yeni ailənin qurulmasına və gənclər arasında evlilik probleminin həll olunmasına imkan verəcək.

Bu çox cəsarətli vəd olsa da, hökumətin bu sahədə dönüş yaratmaq əzmindən xəbər verir.

Gizli profillər

Yeni sayt hamsan.tebyan.net adlanır və onu birbaşa ali rəhbərin nəzarəti altında olan İslam İnkişaf Təşkilatı işlədir.

Əslində buradakı tanışlıq guşəsi İslam həyat tərzini təbliğ edən tebyan.net portalının içində qurulub.

Hamsan.tebyan.net-i 100-dək moderator tənzimləyir, lakin o, hələlik yalnız Tehranı əhatə edir. Gələcəkdə saytın fəaliyyətini başqa regionlara genişləndirmək planları var.

İstifadəçilərdən özləri barədə elementar məlumatları, məsələn, boyun hündürlüyü, çəki və sair kimi məlumatları daxil etmələri rica olunur. Onlar həmçinin valideynlərinin vətəndaşlıq vəziyyətini və onların peşələrini də göstərməlidirlər.

Hobbilər, musiqi zövqləri və ya sevimli filmlər kimi ənənəvi məlumatlar verilmir.

Başqa ənənəvi tanışlıq saytlarından fərqli olaraq, burada namizədlər potensial yoldaşlarının nəinki profillərini, heç şəkillərini də görə bilmirlər. Dini rəhbərlik bunu ədəbsizlik hesab edir.

Bu məlumatlara yalnız saytın administratorları daxil olur və “uyğun gələn” namizədlərdən cüt yaradırlar.

Saytın subay gənclər üçün nə dərəcədə uğurlu olacağını indidən demək tezdir, lakin ona maraq böyükdür.

“Tehranda kiminləsə tanış olmaq çox çətindir və ənənəvi ailələr üçün münasib vasitə sayıla bilər” – Tehran sakini Kave BBC Fars xidmətinə deyib.

Lakin elələri də var ki, məsələnin belə qoyuluşuna şübhə ilə yanaşırlar.

Tehranda yaşayan Əli deyir ki, o özü üçün həyat yoldaşının seçilməsini saytın moderatorlarına etibar edə bilməz.

“Başqa saytlarda heç olmasa kimin nəyi xoşlayıb-xoşlamadığı hesablanır və riyazi nəticə çıxarılır, burada isə hər şey hökmlədir” – deyir Əli.

“Yarım saatlıq izdivaclar”

İnternetdən istidafadə və sosial media üzərində ciddi məhdudiyyətlər qoyulmuş bir ölkədə hökumətin internet tanışlıq sahəsinə müraciət etməsi bir az qeyri-adi görünür.

Lakin İranda 300-dək qərbsayağı tanışlıq saytları da fəaliyyət göstərir və cənab Qolrazinin fikrincə, bu saytlar qanunsuz və mənəviyyatsızdır, çünki nikahdan əvvəl və ya nikahdankənar seksə şərait yaradır. İranda nikahdankənar seks qeyri-qanuni olduğundan sözü gedən saytlardan bəziləri şəriətin icazə verdiyi “siğə” izdivacları, yəni “qısamüddətli nikah” təklif edirlər.

Əlbəttə bəzi saytlar şəriətin bu müddəasından və xüsusilə də tanışlığın yalnız seks tərəfində maraqlı olanlara xidmət göstərmək üçün sui-istifadə edirlər.

Siğə vasitəsi ilə qurulan izdivaclar üçün 30 dəqiqədən 99 ilədək müddət təyin edilib. Bu zaman heç bir sənəd lazım gəlmir, sadəcə olaraq mollanın şifahi xeyir-duası kifayətdir.

Bu qaydadan ikinci arvad almaq istəyən kişilər də istifadə edə bilərlər. Qadınların siğədən istifadəsi qadağandır və qadın üçün nikahdankənar cinsi əlaqə edam hökmü ilə cəzalandırıla bilər.

Ruhanilərin nəzarəti altında

“Qeyri-qanuni” internet tanışlıq saytlarını nizamlamaq cəhdləri əvvəllər də edilib, lakin uğrusuzluqla nəticələnib. Bəzi saytlar bağlansa da, başqaları açılıb.

Buna baxmayaraq, ruhanilər tərəfindən yaradılmış bəzi tənaşılıq saytları var və onların fəaliyyətinə hökumət tərəfindən xeyir-dua verilib.

Ruhanilərin saytları mühafizəkar ailələrdən çıxan gənclərə həm ənənələrə sadiq qalmaq, həm də müasir texnologiyalardan istifadə etmək imkanı verir.

Başqa saytlarda heç olmasa kimin nəyi xoşlayıb-xoşlamadığı hesablanır və riyazi nəticə çıxarılır, burada isə hər şey hökmlədir

Bunlardan bir də “Amin” ailə mərkəzidir. Burada subaylar özlərinə aid məlumatları sistemə daxil edirlər. Elə ki, bu məlumatlara internet vasitəsilə reaksiya verən oldu, onda potensial cüt üzbəüz söhbət üçün dəvət edilir. Məhz bu görüş ruhani şəxsin nəzarəti altında “təhlükəsiz atmosferdə” baş verir.

Cütün bir-birinə ahəngdar olub-olmadığını müəyyən etmək üçün psixoloq qiymətləndirməsi aparılır.

Əgər bütün tərəflər məmnundursa, onda valideynlər ünsiyyətə dəvət olunurlar.

Lakin hökumət və özəl tanışlıq saytlarının artmasına baxmayaraq həyat yoldaşlarını real dünyada axtaran iranlıların sayı hələ də çoxdur.

“Mən tanıdığım birisi ilə münasibət qurmaq istərdim, — Tehrandan olan subay Məhəmməd deyir, — daha internet vasitəsilə yox…”

Belə görünür ki, dövlət saytı etimad qazananadək hələ bir qədər gözləmək lazım gələcək.

Sfera.az 


OXŞAR XƏBƏRLƏR