Bakıda qeyri-adi oğurluq - Kofe içib, siqaret çəkdilər...

Bakıda qeyri-adi oğurluq -  Kofe içib, siqaret çəkdilər...

Bakının Xətai rayonunda mənzildən oğurluq olub. 

Sfera.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, bina 11, mənzil 20 ünvanında baş verib. Dərhal hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları və ekspert qrupu cəlb olunub.  Evin sahibəsi Mənsurə Əsgərova bildirib ki,  qızı ilə birlikdə mənzili avqustun 1-də tərk edərək qohumlarıgilə qonaq gediblər. Onlar evə avqustun 3-də qayıdıblar və hadisədən də o vaxt xəbər tutublar.

Zərərçəkənin sözlərinə görə, oğrular mənzilə evin qapısından daxil olublar. Onlar qapını açarla açıb, daha sonra mənzili axtarmağa başlayıblar. İlkin hesablamalara görə, mənzildən təxminən 1000 manat dəyərində qızıl, eləcə də, bahalı ətirlər götürülüb.

Maraqlıdır ki, oğrular mənzildə özlərini ev sahibi kimi aparıblar. Onlar mətbəxdə qəhvə içiblər, siqaret çəkiblər, soyuducunu ələk-vələk ediblər.

Mənsurə Əsgərova onu da deyib ki, bir neçə ay əvvəl sahibi olduğu mebel mağazasından da eyni üsulla oğurluq edilib. Həmin hadisə zamanı içərisində 38 400 manat nəğd pul olan seyf aparılıb.

Həmin hadisəni törədən şəxslər tutularaq istintaqa cəlb edilib.

Son oğurluqla da bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.


OXŞAR XƏBƏRLƏR