362 metrlik körpünün tikintisi başa çatır – FOTO
Körpü Kür çayı üzərində inşa olunur. Ələt-Astara avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1 400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib. Ümumilikdə indiyə qədər yerinə yetirilmiş fiziki işlərin həcmi 96 faizdir. Artıq yeni körpüdə son tamamlanma işləri həyata keçirilir. Hazırda körpüdə asfalt-beton örtüyünün son aşınma qatının döşənməsi, tağın rənglənməsi və təhlükəsizlik məhəccərlərinin düzülməsi işləri aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. /file/articles//file/articles/Xəzər Xəbər