Ofisianta 10 min “çayavoy” verən milyarder...

Ofisianta 10 min “çayavoy” verən milyarder...
Sevgilisi ilə söhbətinə ara verməyən oğlan hesabı ödədikdən sonra ofisiantı bir daha çağırır. Sinəsini qabardaraq əlinə qəpik-quruş qoyub “bu da sənin olsun” deyir. Ofisiantın təəccübləndiyini yanlış anlayan gənc adam biraz da qürrələnərək “üstümdə xırda yoxdur, gələn dəfə vermərəm, ödəşərik” deyib oradan uzaqlaşır. Yəqin ki, bu kimi hadisələrlə az qarşılaşmamısız. Kiminin özünü təsdiq etmə yolu, kiminin kömək etmək istəyi, kiminin isə vəzifə, borc bildiyi bəxşiş haqqdında “Qafqazinfo”nun hazırladığı yazını sizə təqdim edirik: 

Əvvəlcə dünya ölkələrində bəxşişin yerinə, qiymətinə nəzər salaq. Bəzi ölkələrdə bəxşiş verməmək böyük ayıb sayıldığı halda, bəxşiş verdiyin zaman alçaldığını hiss edən, hətta insanların səninlə əlbəyaxa döyüşə başlayacağı ölkələr də var. 

Bəxşişin vətəni İngiltərə olsa da, hər addımda birinə bəxşiş verəcəyiniz ölkə ABŞ-dır. Əgər yolunuz ABŞ-dan düşərsə, əlinizi tez-tez cibinizə salmaq məcburiyyətində qala bilərsiz. Çünki, ofisianta, bərbərə, sizi güldürənə, taksi şoferinə, bir sözlə xidmət sektorundakı bütün peşə sahiblərindəki insanlara bəxşiş verməlisiniz. Onlar isə verdiyiniz bəxşişə görə xarakterinizi müəyyən edir: Yüzdə 10 bəxşiş verən xəsis, yüzdə 12 olana bərəkət, yüzdə 15 yaxşı, yüzdə 20 isə ideal sayılır.

Yaponiyada isə bəxşiş sözü tabu kimi qəbul edilir. Nə taksi sürücüsünün, nə də ki ofisiantın belə bir gözləntisi var. İsrarla bəxşiş vermək istəsəz, bu dəfə də onları çox utandıracaqsız. Yox, mütləq verməliyəm deyirsinizsə, pulu bir zərfə qoyub verə bilərsiz. Ancaq bu dəfə də həddindən artıq nəzakətli olmağı özünüzə borc bilməlisiniz.

Hollandiyada bəxşiş kimi sərvətinizi belə versəz, onların sizə təşəkkür etməsini gözləməyin. Onsuz da onlar sizə elə bir hesabı ödədikdən sonra bəxşiş üçün hər hansı bir sərvətiniz qalmayacaq.

Hindistanda icazəsiz şəkil çəkmək çox ayıb sayılır. Çəksəniz və qarşılığında bəxşiş istəsələr verməmək ondan da ayıb olar. Ən azı 20 rupi, bizim pulla 35 qəpiyə yaxın bəxşiş verməli olacaqsız.

Rusiyada bəxşiş kimi rubldan başqa pul vahidi versəz, sizdən pulun ən şaxını alarlar. Çünki,  Rusiyada valyuta dəyişmə mərkəzləri cırıq və ləkəli pulları dəyişən zaman əlavə komissiya alır. Bir də restoranda bəxşişi mütləq ofisianta verin. Stolun üstünə qoysaz, xidmətini bəyəndiyiniz adama yox, birbaşa müəssisəyə gedər.

Əgər “service compris” yazısını görsəz, əlinizi cibinizə salmağınıza ehtiyac yoxdur. Bəxşiş vermədiyiniz təqdirdə heç kim sizə dodaq büzməyəcəyinə və ya arxanızca qarğışlar səslənməyəcəyinə əmin ola bilərsiz.  

Azərbaycanda isə birmənalı bəxşiş standartları yoxdur. Çay pulu adlandırılsa da, bəxşiş olaraq kifayət qədər böyük məbləğlər qoyanlar da az deyil. Digər ölkələrdən əsas fərq isə, bizdə sadəcə xidmət sahəsində yox digər sahələrdə də bəxşiş vermək adəti geniş yayılıb. Çay pulu, şirinlik ifadələri ilə əməlli başlı bir dəstgah yaradıb. Söhbətləşdiyimiz işçilərin də fikirləri müxtəlif olub. Kimisi bəxşiş verən müştərilərilərin yolunu həsrətlə gözləsə də, kimisi isə belə vəziyyət qarşısında hər zaman çox sıxıldığını deyib: “Hələ əlimizə pulu sıxışdırıb, qəribə gülüşlə üzümüzə baxanlar da var. Əgər bəxşiş vermək ürəyindən gəlirsə, xidmətimdən razıdırsa, bu mənə xoşdur. Yox yanındakı dostlara özünü göstərmək üçün bizdən istifadə edirsə, bu hal xoşagəlməzdir”. 

Nə üçün bəxşiş verirsiniz sualına həmyerlilərimizin cavabları belə olub: “Nə üçün verdiyimi bilmirəm, sadəcə bunu özümə bir vəzifə bilirəm” , “Mən ümumiyyətlə bəxşiş vermirəm, çünki onsuz da yediyimdən qat-qat artıq pulu hesaba ödəməli oluruq” , “ Üç-beş manatla biz varlı olmayacağıq, ancaq bəlkə də kiməsə kömək etmiş olarıq”.

Dünyada indiyə kimi ən maraqlı bəxşiş alan ofisiantlardan biri ABŞ-da Brendan Motill olub. Belə ki, müştərisi 20 dollar 31 sentlik hesaba 1000 dollar bəxşişlə yanaşı bu mesajı yezıb: “Brendan, nəzakətli xidmətin üçün çox sağ ol. Öz işinin öhdəsindən çox məharətlə gəlirsən. Xəyallarının nə olduğunu bilmirəm, amma ümid edirəm ki, bu bəxşiş bir az da olsun işinə yarayar”. 

Bəxşişlə bağlı maraqlı digər bir hal isə Türkiyədə yaşanıb. Belə ki, gəlin maşınının qarşısını kəsib bəxşiş istəyən uşaqlar bəyin verdiyi pulu az hesab etdikləri üçün maşının qarşısından çəkilməyib. Belə olduğu təqdirdə bəy polisə zəng edərək şikayətçi olub. Polis bəxşiş istəməyin cinayət olmadığını bildirib və bəy hər kəsə ayrı-ayrılıqda bəxşiş verərək yoluna davam edib. 

Dünyanın ən çox bəxşiş verənləri sırasında həmyerlimiz Telman İsmayılovun da adı var. Belə ki, qonaqları ilə birlikdə məkandan çıxan milyarder bir ofisianta 10 min dollar bəxşiş verib. Pulun az bir hissəsini bəxşiş qabına qoyan ofisiant qalanını özünə götürüb. Şübhələnən digər işçilər ofisiantın üstünü axtarmağa başlayınca hadisə məhkəmədə həll olunub.

İnsanlar da bəxşiş verilməsinə birmənalı yanaşmır. Kiminin fikrincə, bu onsuz da xidmət sektorunda işləyən insanların vəzifəsidir və buna görə də maaş alırlar, kiminin fikrincə, bəxşiş xidmət keyfiyyətinə pis təsir edir. İmkanlı müştərilərə xüsusi diqqət göstərildiyi halda kasıb müştəriyə daha keyfiyyətsiz və diqqətsiz xidmət verilir. Kiminin fikrincə isə, bəxşiş işçilərdə vəzifəsinə maraq yaradır və onları daha da həvəsləndirir. 

Bəxşiş verməyin də yazılmayan bəzi qaydaları var:

Artıq dünyanın hər yerində xidmət haqqı ödənilən hesaba əlavə olunduğu üçün bəxşiş vermək kimi bir məcburiyyətiniz yoxdur. Yəni, sadəcə könlünüzdən gəldiyi təqdirdə, ürəkdən verəcəksiniz.

Ürəyiniz yanında qalacağı, gecələr yuxunuza girəcəyi qədər çox bəxşiş verməyin. 

Bəxşişi çox əhəmiyyətli bir şey edirmiş kimi verməyin. Nə istəməyənləri məcbur edin, nə dəki istəyənləri təhqir. 

Verdiyiniz bəxşişdən şou yaratmayın. “Filan ofisianta bu qədər bəxşiş verdim” , “bu barmen verdiyim pula layiq deyil” deyib qürrələnməyə çalışmayın. 

Son olaraq, sizin onlara bəxş edəcəyiniz ən böyük şey gülümsəmə və xoş sözləriniz olacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR