Bu gün onun şəhid olduğu gündür- Milli Qəhrəmanın həyat hekayəsi
Şəhid, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub.
O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Həzrə kənd icra nümayəndəsi Vəlixan Vəlixanov saytımıza bildirib ki, Çingiz Qurbanov Azərbaycan Texniki Universitetində təhsil alıb.
"Çingizin bir qardaşı var. Adı Beytulladır. Çingiz iyul ayında məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Qardaşı Beytulla da Bakıda ali təhsil alır. Valideynləri uşaqların təhsili ilə əlaqədar Bakıya köçüb, orada işləyirlər. Çingizin ailəsi paytaxtda kirayədə qalır. Onlar hərdən kəndə gəlirlər. Çingiz tərbiyəli, savadlı oğlan idi. Hamı onun xətrini istəyirdi. Böyüyə, kiçiyə hörmət qoymağı bacarırdı. Ailənin maddi durumu yaxşı deyildi. Onlar çətinliklə böyüyüblər. Çingiz cəmi 4 ay idi ki, hərbi xidmətə getmişdi. Onun ölüm xəbərini eşidib, çox pis olduq. Amma fəxr edirik ki, Çingiz vətəni uğrunda şəhid olub”.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.






