Bu gün Milli Qəhrəmanımızın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Füzuli Salah oğlu Rüstəmovun doğum günüdür.
Sfera.az xəbər verir ki, Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci iləd Tərtər rayonun Hüsülü kəndində dünyaya göz açmışdı. Qəhrəmanımızın acılı-şirinli həyat hekayəsini bacısı Fiqurə Rüstəmova anladır: "Qəhrəmanlıq heç ana südü, ana qanı ilə də oğula, qıza əmanət edilmir. Çox yerində deyilmiş aforizmdir: "Qəhrəmanlar doğulmur, olurlar». Heç mənim qardaşım Füzuli Rüstəmov da qəhrəman kimi doğulmamışdı, amma qəhrəman oldu. Axı bu necə olur…? Bu sirrdir. Yalnız qəhrəmanlara aid bir sirr...”
F.Rüstəmovanın sözlərinə görə, ailədə bir bacı, bir qardaş olublar: "Füzuli 1965-ci ildə Xocalıda anadan olmuşdur. Onun beş yaşı olanda anamızı, on bir yaşı olanda isə atamızı itirdik. Hər ikimiz xalamız Səkinə xanımın himayəsində böyümüşük. Xalam doğma ana nəvazişi göstərərək bütün gələcək həyatını bizim böyüməmizə, sağlamlığımıza və təhsilimizə həsr etmişdir. Yeri gəlmişkən xalamın bu qəhrəmanlığı qarşısında baş əyirəm”.
1972-ci ildə Xocalı orta məktəbinin birinci sinifinə qəbul edilən Füzuli, həmin orta məktəbi müvəffəqiyyətlə bitirib. 1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. "O, əsgərlikdə olarkən dəfələrlə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən fəxri fərman, döş nişanları ilə təltif edilmişdi, həmçinin evimizə təşəkkür məktubları da göndərilmişdi. Füzuli hərbi xidmətini tamamladıqdan sonra 1985-ci ildə Xocalıda müxtəlif təsərüffat işlərində çalışıb”- deyə şəhid Milli Qəhrəmanın bacısı əlavə etdi.
Respublikamız ən ağır günlərini yaşayırdı. Zaman-zaman qanımızı içməyə məqam gözləyən ermənilər bəzi xarici qüvvələrə arxalanaraq torpaqlarımıza basqınlar edir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış sahələrimizə od vurub yandırır, yurd yerlərimizi işğala məruz qoyurdular. Belə bir məqamda Füzuli də ermənilərin separatçı niyyətlərinə qarşı təşkil edilmiş könüllü özünümüdafiə dəstələrində Xocalı ətrafında keşik çəkməyə başlayıb və sonradan yaradılan Xocalı özünümüdafiə batalyonunda kəşfiyyatçı olub. Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb. Bundan ötrü ona 4 ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəlib. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü olub və əməliyyatı uğurla başa vurublar. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Həmin gecə Füzüli də ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşub. Şəhidin bacısı o günləri belə xatırladı: "Ermənilər tanklarla, BTR-lərlə hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz iki çay keçməli idik. Güllələr yağırdı. Böyrümüzdə elə oğlanları öldürürdülər ki, qan fışqırırdı üstümüzə. Mənim qardaşım məni və mənim kimi camaatı Şelli camaatına təhvil verirdi, bir də geri qayıdırdı. Ağdam camaatı bizim ayaqyalınımıza ayaqqabı verirdilər, bizə paltar verirdilər. Qardaşım da dinc xocalıların və Xocalının uğrunda, bütöv Azərbaycan-vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid oldu. Onu Tərtər rayonunun Hüsənli kəndində dəfn etdilər. 1997-ci ildə döyüş dostlarının, Xocalı şəhər əhalisinin, Xocalı İcra Hakimiyyətinin və xidmət göstərdiyi hərbi hissənin komandanlığının təşəbbüsü və təqdimatı ilə Füzuliyə ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi”.
F.Rüstəmova dedi ki, iyirmiyeddi illik ömründə qardaşının üzünü güldürən az şey olmuşdu: "Bir çiçək görəndə, bir də əlinə silah alanda sevinirdi. Çiçək onun daxilində üzünü görmədiyi, adını eşitmədiyi bir türk gözəlinin xəyali surəti idi. Silah isə o çiçəyi yad nəfəsdən, dəli yellərdən qoruyan: əl ağacı, quş tüfəngi, hətta avtomat da olsa Füzuli üçün qiymətli idi. Silah qoruyucu anlamında ona ululardan qalma bir əşya idi”.
Bu gün unutmağa haqqımız yoxdur ki, şəhidlər canlarından çox istədikləri Azərbaycan uğrunda döyüşə gedib, qəhrəmanlıq göstərib və şəhid olublar. Hal-hazırda Vətənin harayına qəlbən hay verməyə hazır olan, sızlayan Vətən torpaqlarınını azad etmək üçün Ali Baş Komandanın əmrini hər an, hər saniyə gözləyən bir nəsil var. Hər saniyənin, hər dəqiqənin, hər saatın öz hökmü var...!
Vətən sevgisidir imandandır. Bu torpaqlar ancaq uğrunda qan tökmüş, şəhid olmuş qardaş və bacılarımızı deyil. Torpaq hamımızındır!






