Bundan əlavə, əmək müqaviləsinin ləğv olunmasını qanunvericiliklə qadağan edən hallar da vardır. Belə ki, işəgötürən hamilə, üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən, şəkərli diabet, dağınıq sklerozla xəstə olan, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan və s. kateqoriyalı şəxslərlə əmək müqaviləsini ləğv edə bilməz. Lakin müəssisə tamamilə ləğv edilərkən bu hallar nəzərə alınmır. Hüquqşünas bildirir ki, qanunvericilikdə işçilərin ixtisarı zamanı da işdə saxlanmağa üstünlüyü olan şəxslər də müəyyənləşib. Belə ki, peşəkarlıq səviyyəsi daha yüksək olanlar, peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, məcburi köçkün və qaçqınlara üstünlük verilir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar mövcuddur.
"İşəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu halda işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir" - deyə hüquqşünas qeyd edir.
Bizimyol.info