“Bu “devuşkalar” yaman nazlı olur” - Reportaj

“Bu “devuşkalar” yaman nazlı olur” -  Reportaj

Deyilənə görə, ən gözəl yağışlar Tiflisə yağırmış... Sadəcə uşaqlığımdan qalma xatirələr məndə o gözəlliyin necə olmasına dair təəssürat yarada bilməsə də, budəfəki səfərimdən sonra Tiflis yağışına düşmədiyim üçün şükür edənlərdənəm. Yoxsa, hər künc-bucağı tualet kimi istifadə olunan şəhərdə yağışın ardından qalxan üfunət qoxusu Tiflis gözəlliyindən əsər əlamət qoymazdı. 

Başqa bir şükür etdiyim məqam isə ölkəmin daxilində elə də rast gələ bilmədiyim cibimə uyğun qiymətlərlə sərhəddə bu qədər yaxın bir şəhərdə qarşılaşmağım oldu. Necə deyərlər, Tiflis Bakıdan fərqli olaraq qonaqlarını vidinə görə qarşılayıb, cibinə görə yola salmır. Az məvacibə işləyən ofisiantlar varlı və ya kasıb olmağınızdan asılı olmayaraq hər kəs üçün biganədir, küçə musiqisindən hər təbəqənin insanı zövq ala bilər və ən əsası sadə və olduqca zövqlü qadınlar kimliyinizdən asılı olmayaraq yanınızdan xüsusi bir ərk və əda ilə yox, gülümsəyərək ötüb keçər. Tiflis təbəqələşmə dovrünü çoxdan aşıb. Səhv və ya düz yazdığım hər hansı bir nüansa görə  müşahidə və başıma gələn əhvalatların günahkarıyam deyib Bakı və Tiflis arasında gördüyüm bir neçə fərqli nüansı sizə təqdim etmək istəyirəm.

9 uşaq anası, ürək dərməni udan xala və labirint kimi gömrük yolu

Avtobusla getdiyimiz üçün Qırmızı körpü gömrük-keçid məntəqəsində  nə az, nə çox düz saat yarım gözlədik. Hələ biz sıranın öndərləri olmağın xoşbəxtliyini yaşadığımız saat yarımdan sonra ucsuz bucaqsız növbənin neçə saat çəkdiyini deyə bilmərəm. Əvvəl fikirləşdim ki, yəqin proses belə olmalıdır. Ancaq ətrafda səsi ucalanlar, ürəyi gedənlər hamı bir ağızdan dedi ki, bəs Gürcüstandan gələndə niyə belə olmur? Bu sual sonradan eyni gömrük məntəqəsində Gürcüstandan 3 dəqiqə ərzində keçdiyim zaman məndə də yarandı. Cavabını isə labirintdəki xalalar vermişdi: “Çox ləfi-lüfü edirlər, 1 dəqiqəlik işdir, bu qədər adama baxmayaraq öz söhbətindən də dala qalmırlar. Səsimizi də bir az qaldırsaq əsəbiləşib iki-iki çağıracaqlar deyə qalmışıq belə...”

Super Kupoka qalan saatlar və tıxacsız Tiflis küçələri

Çiləkeş gömrük yolundan sonra gözümüzlə taksiləri süzməyə başladıq. Uşaqlara dedim ki, qəti azərbaycanlının maşınına minəsiz. Ətrafımıza yığışan sürücülərin hay-küyündə dilimizi bilməyən bir nəfər tapıb daha münasib qiymətə razılaşdıq. Gedəcəyimiz ünvana bizi 40-50 lariyə aparmaq istəyən həmyerlilərimizin 30 lariyə razılaşdığımız taksiyə oturan zaman arxamızca son sözləri belə oldu: “Bizi qoyub erməniylə gedən nadanlar”. 

Bu sözləri beynimdə o tərəf, bu tərəf edirdim ki, bir də gördüm “Ana Kür”ün yanındayıq. Tiflisin qədimliyindən ləzzət ala-ala yollara nəzər yetirdim. Nə bahalı marka maşınlar var idi, nə də ki uzun uzadı tıxaclar. Sonradan şəhər küçələrindəki insanların 60%-nin turist olduğunu biləndə nəinki tıxacda qalmaq, bir dəfə belə olsun yolda gözləmək məcburiyyətində olmadığımız şəhərə böyük həsəd apardım. Turist axınını nəzərə alıb gözlənilən gün gələndə şəhərdə hərəkətin iflic olacağını düşünsəm də, Super Kuboka nəinki günlər, saatlar qala stadion ətrafında bir neçə dövrə vuraraq bağlı olmayan, tıxacsız yolların öyrəşmədiyimiz xoşbəxtliyini yaşadıq. Yol polislərinin elə də gözə dəymədiyi, nəqliyyat vasitələrinin olduqca aqressiv idarə edildiyi şəhərdə bu dərəcədə rahat hərəkət məni hələ də düşündürür. Əvvəlki gün olduğu kimi digər günlərdə də Bakıdan fərqli olaraq küçədə bahalı maşınlar çox az sayda gözə dəyirdi. Hətta, bu fikrimi dilə gətirdiyim zaman bir dostum yol kənarındakı Jeep-i göstərdi, nömrə-nişanına baxdığımız zaman “Aze” görüb bərkdən gülüşdük.

Hər küçənin tinində yüksələn melodiyalar

Əgər Batumiyə getmək üçün pulu yoxdursa, papağını qarşısına qoyub kimi gitarasını qucaqlayır, kimi nağara-qarmon çalır, kimi də səsinə güvəndiyi üçün mikrafonu alır əlinə. Küçə musiqisini, ümumiyyətlə küçə sənətini çox sevdiyim üçün həmişə yaşadığım ölkədə bunun üçün şərait yaradılmasını istəmişəm. Ancaq nadir halda şəhər mərkəzində gözümüzə dəyən küçə musiqiçilərinin polis tərəfindən qamarıldığını gördükcə ümidlərim yavaş-yavaş puç olur. Ona görə də, xaricə gedəndə hər dalanı ötdükcə bizi feyziyab edən küçə musiqiçilərinə bol bəxşiş paylayıb zövq almaq istəyirəm. 

Səyyar kitabxanalar

Tiflisdə hər binanın qənşərində bir kitabxana yatır. Bir neçə dəqiqəni ayırıb kitablar içində eşələnsən hətta, birinci əl basqıları da tapa bilərsən. Rayon evlərinin çardaqlarında görməyə öyrəşdiyim kitablar Tiflis küçələrinə səliqə ilə düzülüb. Maraq da pis deyil. Hər ötdüyümüz kitab “köşk”ünün qarşısında maraqla boylanan turist mütləq var idi. Satıcılar da bir küncdə kitabını oxuyur, arada suallara cavab verib pulunu alır, qoyur cibinə. Yenə bizlə müqayisə edim deyirəm, ağlıma bir dostumuzun səyyar kitab satdığı üçün şöbə yolunda var-gəl etməsindən başqa heç nə ağlıma gəlmir. Əksər ölkədə tez-tez qarşılaşdığımız ikinci əl kitab evləri, səyyar kitab satışları əfsuslar olsun ki, bizdə nadir hallarda gözümüzə dəyər ya dəyməz.

Yaşıl libasını geydi təbiət...

Tiflis qədimliyi ilə yanaşı həm də yaşıl təbiəti, hər küçədə ağalıq edən əsrlik ağacları ilə də məşhurdur. Bir şey xüsusi diqqətimi çəkdi. Bitkinin bahalı, çiçəyinin gözəl olması, hansısa ölkələrdən xüsusi gətirilməsi onlar üçün elə də vacib deyil. “Əsas olan yaşıllıqdır” deyib gürcü eli hər bitkini yol kənarına düzüb. Qızmar günəş şüalarını öz bədənində hiss etməməyin verdiyi rahatlıqla küçələri dolaşa, ətrafı yaşıl bitkilərlə örtülmüş binaları seyr edə bilərsiniz. Yox əgər yorğun halda gəzmək sizə xoş deyilsə, cəmi 2-5 lari arası qiymətlərə sizi istədiyiniz ünvana çatdıracaq taksi sürücüləri az deyil. Düzünü deyim, ilk baxışdan insanda kobud təəssürat yaradan  Tiflis sürücüsü sonradan peşəsinə sadiq qalaraq hər ölkədə olduğu kimi sizinlə hansı mövzudan istəsəz danışacaq. Onu da qeyd edim ki, son illərdə ölkəyə gələn turist sayını nəzərə alaraq çox az sayda ingilis, yox dərəcəsində də rus dilini bilməyən şəhər sakini ilə rastlaşdıq. 

Tərzli Tiflis gözəlləri və onların ucuz, zövqlü libası

Uşaqlığımdan bəri gürcü qızlarının zövqünü bəyənmişəm. Məxsusi zövqə sahib olan bu qadınlar geyimləri ilə nə Qərb ölkələrini, nə də Şərqi özündə yamsılayır. Bir müddət izlədikdən sonra qarşıdan gələn xanımın asanlıqla gürcü olduğunu iddia edə bilərsiniz. Bahalı brendlərə elə də yanaşmayan bu gözəl xanımlar orta və hatta bizim qiymətlərə nisbətən qat-qat ucuz libaslarla zövq oxşaya bilirlər. Fikrimcə, bunun da əsas iki səbəbi var: birincisi, sadəlik, ikincisi də, axtardığın məhsulu şəhər mağazalarında ucuz qiymətə tapa bilmək. Belə deyək, əgər mağaza-mağaza dolaşmaq fikriniz varsa və bir az da bədən quruluşunuz düzgündürsə, cəmi 50 lari (23 manat) ödəməklə başdan aşağı geyinib geçinə bilərsiniz. Yəqin ki, gürcü qızlarının 80%-nin geyim razmerinin 34, 36-dan o yana getmədiyini nəzərə alaraq bədən quruluşuşunu xüsusi vurğulamağıma haqq qazandırarsınız. Daş-qaşlı, dəbdəbəli libaslarla Bakı mərkəzində göz yoran boyalı qadınlardan sadəliyi ilə seçilən gürcü qızlarının daha gözəl göründüyünü təəssüflənərək qeyd edirəm.

Bəlkə, 1 manat 60 qəpiyə göbələk supu istəyərsiz?

Yox? Onda Tiflis kafelərində sizin həm cibinizə, həm də damağınıza xoş gələcək başqa təamlar var. Əvvəldə də qeyd etdiyim ki, gürcülərin tək sevmədiyim tərəfi təmizlikdir. Əgər sizdə də yeməyin hazırlandığı mühitlə bağlı müəyyən suallar yaranırsa, bir az biganə ofisiantlar bir neçə nəzakətli sözünüzdən sonra sizi mətbəxlə tanış edəcək. Yox əgər xaricilərin daha sıx olduğu, zövqlə bəzədilmiş kafe-restoranlarda oturmaq istəyirsinizsə, Şarden küçəsindəki restoranlar müxtəlif dünya mətbəxi ilə yolunuzu gözləyir. Küçə uzunu düzülən rəngarəng bəzədilmiş stollarlarda əyləşərək həm ətrafı müşahidə edə, həm də damaq zövqünüzə uyğun təamlardan dada bilərsiniz. Mərkəz olmasına baxmayaraq yenə də qiymətləri ölkəmizə nisbətən ucuz olan kafe-restoranlar çox güman ki, sizdə xoş təəssürat yarada biləcək.

Son olaraq, arxadan gələn oğlanlar sizin geyiminizə sataşıb, yüksək səslə nömrəsini deməyəcək. Təbii ki, azərbaycanlı olmadığı təqdirdə.

Həm güldüyüm, həm də çox kədərləndiyim bir hadisəylə xatiratımı yekunlaşdırmaq istəyirəm. Yazım üçün gözəl xanımların fotolarını çəkirdim. Qarşıdan gələn iki turist qadının arxaya nəsə qəribə boylandığını gördüm. Zənn etdim ki, burada da yoldan ötən qızlara söz atan, arxasınca düşüb nömrəsini vermək istəyən qaqaşlar var. Mənə yaxınlaşan zaman təsbehli qaqaşın digərinə “bu devuşkalar yaman nazlı olur, ha” deməsi ilə hər şey məlum oldu.  Bayaqdan sadaladığım  bütün nüanslar bir yana, ancaq heç bir ölkədə rast gəlmədiyimiz bu analoqsuz insanlarımıza görə ən azı böyrümüzdəki ölkədən utandım.   (qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Qəza yerindən daha bir qara qutu tapıldı

Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən daha bir qara qutu tapıb.   Sfera...

Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxı...

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.   Bu bar...

Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həki...

Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.   Sfera.az xəbər verir ki,...

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.   Sfera.az xəbər veri...