Özəlləşdirilməsi vacib dövlət müəssisələri niyə hələ də prosesdən kənar qalıb? - RƏY
"Dövlət müəssisələrinin özəlləşdirilməsinə əngəl olan başlıca amil maraqlar konfliktindən qaynaqlanır”.
Sfera.az-a açqılamasında bu sözləri eyni sovet şinelindən çıxmış əksər postsovet ölkələrində iri dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində ciddi addımların atılması fonunda, Azərbaycanda bu sahədə hələ də irəliləyişin olmamasından danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
Ekspertin sözlərinə görə, digər tərəfdən, bəzi hallarda dövlət müəssisələrinin sağlamlaşdırılmasına tələb olunan zaman məsələsi də onların özəlləşdirilməsi prosesinin ləngiməsinə səbəb olur:
"Azərbaycanda qonşu ölkələrlə müqayisədə iri dövlət müəssisələrinin özəlləşdirilməsi istiqamətində hələ də real addımların atılmaması bir sıra səbəblərdən qaynaqlanır. Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri bir sıra hallarda müəyyən formada idarəetmənin marağına uyğun olaraq fəaliyyət göstərir. Hər hansı bir müəssisənin rəhbəri onu öz maraqları çərçivəsində idarə edir, nəinki dövlət maraqları çərçivəsində. Həmçinin, prosesdə şəffaflığın olmaması dövlət müəssisələrində kifayət qədər geniş miqyasda yeyinti imkanları yaradır. Nəticədə müəssisə rəhbərləri həmin gəlir mənbəyindən əl çəkmək istəmir. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti 2015-ci ildə böyük özəlləşdirmə prosesilə bağlı müəyyən proqram ortaya qoyub. Strateji yol xəritələrində də həmin məsələ geniş şəkildə öz əksini tapıb. Xüsusilə də enerji sahəsində fəaliyyət göstərən müəssisələrin xidmət sferasına aid təşkilatların, kommunal xidmətlərin özəlləşdirilməsi kimi məsələlər gündəmdədir. Amma hələlik buna start verilməyib.
Yəni ölkəmizdə dövlət müəssisələrinin özəlləşdirilməsinə hazırda əsasən iki amil əngəl olur. Maraqlar konflikti və bəzi hallarda həmin qurumların sağlamlaşdırılmasına tələb olunan zaman məsələsi prosesin tezləşməsini ləngidir. Çünki həmin qurumlar sağlamlaşdırılmadan özəlləşdirilərsə, bu halda onlar dəyər-dəyməzə satılacaq. Sağlamlaşdırıldıqdan sonra isə daha effektiv özəlləşdirmə proqramı həyata keçirmək olar. Ancaq buna da zaman tələb olunur. Böyük ehtimalla növbəti illərdə bu müəssisələrin sağlamlaşdırılması istiqamətində işlərin həyata keçirildiyini müşahidə edəcəyik”.
Qeyd edək ki, Gürcüstan hökuməti növbəti dəfə bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsinə start verib. Azərbaycanda da özəlləşdirilməsi vacib olan bir çox dövlət müəssisələri vardır. Lakin hələlik nədənsə onlar bu prosesdən kənar qalıb. Ekspertlər dəfələrlə bəyan edib ki, ölkəmizdə enerji sahəsi, kommunal xidmətlər sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi vacibdir. Çünki, bu fonda bir tərəfdən, həm dövlətin bu müəssisələri saxlamaq istiqamətində yükü azalar, həm də özəlləşmə nəticəsində büdcəyə əlavə vəsait gələr. Başqa bir tərəfdən, dünya təcrübəsi göstərir ki, məhz özəl müstəvidə işləyən müəssisələr daha effektiv fəaliyyət nümayiş etdirə bilirlər.
ELÇİN
Sfera.az






