Gömrük Komitəsində test-imtahan başladı
Sfera.az xəbər verir ki, müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, eləcə də imtahan komissiyasının tərkibinə daxil olan aidiyyəti qurumların rəhbərləri iştirak edib.
İsmayıl Hüseynov bildirib ki, bu müsabiqə indiyədək gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən müsabiqələrdən fərqlidir. Bu dəfə müsabiqədə yalnız qadın namizədlər iştirak edir və bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb.
O da diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti qadınların əməyini, o cümlədən iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətini daim yüksək qiymətləndirir.
Aynur Sofiyeva isə çıxışında Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və müsabiqəni dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti istiqamətində mühüm fəaliyyət, səmərəli təşəbbüs kimi qiymətləndirib, digər dövlət qurumlarının da bu təşəbbüsə qoşulacağına ümidvar olduğunu söyləyib.Sonra test imtahanına start verilib. Müsabiqədə 270 namizəd iştirak edir.






