Bakıda beynəlxalq polis toplantısı başladı

Bakıda beynəlxalq polis toplantısı başladı

Bu gün Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb. 

DİN-dən daxil olan məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda Ramil Usubov və Hacıbala Abutalıbov iştirak edib. Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, paytaxtlarda təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Daha sonra Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, DİN-in strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib. Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox əməkdaş BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb. 

Hacıbala Abutalıbov şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim paytaxtımız haqqında qısa məlumat verib. Qeyd edək ki, avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq, Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq. (qafqazinfo)

Sfera.az


OXŞAR XƏBƏRLƏR