Neft şirkətlərində ixtisar başlayıb

Neft şirkətlərində ixtisar başlayıb

Neftin qiymətinin ucuzlaşması neft sənayesini dərin böhrana salıb. "Qara qızıl"ın dəyərdən düşməsi neft şirkətlərinin büdcələrini daha da optimallaşdırmasına rəvac verib. 

Sfera.az “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, artıq BP, Lukoyl, TOTAL və sair bu kimi neft nəhənglərində işçilərin ixtisarları sürətlənib. Şirkətlər  əksər layihələrin icrasını isə dayandırıblar, sosial layihələrlə bağlı proqramlarına əl gəzdiriblər. Eyni vəziyyət Azərbaycanda da fəaliyyət göstərən xarici və yerli neft şirkətlərində hökm sürür. 

Son məlumatlara görə, "Statoil"ın Azərbaycan nümayəndəliyində işçilərin sayı 40 nəfərdən 10-15 nəfərə qədər düşüb. Habelə, Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) köklü ixtisarların aparılması davam edir. Bu isə ölkədə işsizlik problemini dərinləşdirə bilər. Ona görə də ixtisarların nə zamana kimi davam edəcəyi sual yaradır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qəzetə bildirib ki, hazırda neft şirkətlərinin əksəriyyətində işçilərin ixtisarları aparılır və ən azı ilin sonuna kimi bu proses davam edəcək: "Çünki nəinki neftin qiyməti ucuzlaşıb, eyni zamanda hasilat kəskin şəkildə aşağı düşüb. Bu ilin ilk yarısının məlumatına görə, "Azəri-Çıraq-Günəşli" yatağında hasilat 16 milyon ton olub. Hər kəsin diqqəti neftin qiymətlərindədir, amma onun bahalaşması belə ixtisarları dayandıra bilməyəcək. Çünki hasilat da ildən-ilə aşağı düşməyə başlayıb. 

Bu ilin əvvəlində- yanvar-fevral aylarında "BP-Azərbaycan", "Qlobal enerji" şirkətlərində kütləvi ixtisarlar oldu. Dekabrın 29-dan başlayaraq neft şirkətlərində, eləcə də Azərbaycan Dövlət Neft Şirkətində növbəti ixtisar dalğası başlayacaq". 

M.Qəhrəmanlının fikrincə, ARDNŞ-in sosial öhdəliklərini azaldaraq biznes strukturuna çevrilməsi ən vacib məsələlərdəndir: "ARDNŞ ölkədə ikinci büdcə strukturuna çevrilib. Vaxtında normadan artıq ştatlar açıldı, artıq işçilər yığıldı. İndisə biznes struktura çevrilməlidir. Bunun üçün ixtisarların aparılması qaçılmazdır. İldə cəmi 7 milyon ton "qara qızıl" hasilatının üzərində dayanan  bir şirkət üçün bu qədər çox idarələr, işçilər saxlamaq izafi xərcdir". 

M.Qəhrəmanlı əlavə edib ki, bir tərəfdən ixtisarlar aparılsa da, digər tərəfdən Orta Asiya ölkələrindən yüzlərlə işçi gətizdirilər: "Hazırda aparılan ixtisarların nəticəsində çoxlu sayda insan işsiz qalır və təbii ki,bu da ölkədə işsizliyin artmasına səbəb olur. Ancaq belə bir şəraitdə ölkəyə xaricdən, əsasən də Hindistandan işçi qüvvəsinin gətirilməsinin səbəbi nədir? Təşkilatımıza daxil olan məlumata görə Caspian Shipyard Company, ELITE MARINE PTE.LTD yüzlərlə əcnəbi işçi gətiriblər. Aldığımız məlumata görə, daha bir şirkət isə xaricdən 300-nəfərə kimi işçilər, xüsusilə qaynaqçılar gətirilməsinə hazırlaşır. Doğrudanmı bu ölkədə işçi qıtlığı var? Dövlət Miqrasiya İdarəsi buna bir aydınlıq gətirməlidir.  ELITE MARINE-də işçilərə qarşı böyük haqsızlıqlar var, əmək müqaviləsi olmadan işlədirlər".

"Vaxtında Dövlət Neft Fondunun vəsaitləri qeyri-neft sektorunun inkişafına yönəldilmədiyi üçün bu gün çıxılmaz vəziyyət yaranıb. Vətəndaş cəmiyyəti həyəcan təbilini çalaraq Neft Fondunun vəsaitlərindən şəffaf, ədalətli sərf olunmadığını bəyan edir. İndisə neftin hasilatı da aşağı düşür, qiyməti də ucuzlaşır. Bu amillər ixtisarların davam edəcəyini deməyə əsas verir. Belə bir şəraitdə xaricdən rüsum ödəyərək işçi gətirilməsi nə deməkdir? Ölkədə neft sektorunda kifayət qədər peşəkar kadrlar olduğu halda buna nə ehtiyac yaranıb? Özü də onların hamısı BTC-nin, Bakı-Ərzurum boru xəttinin, platformaların və sair investisiya layihələrin tikintisində böyük təcrübə keçiblər. Düşünürəm ki, ölkədə işsizliyin qarşısını almaq üçün əcnəbi işçilərin sayı kəskin azaldılmalıdır", -deyə NHMT sədri vurğulayıb.

Ekspertin sözlərinə görə, 2011-ci ildən başlayaraq Dövlət Neft Şirkətində çalışanların sayı  hər il 10-15 min nəfər azalır: "Şirkət iddia edir ki, onlar öz ərizələri ilə çıxarılıb. Amma bu, doğru deyil, onların çoxu ilə qanunsuz olaraq müvəqqəti müqavilə bağlayıblar. İşçilərə məcburi ərizə yazdırırlar".


OXŞAR XƏBƏRLƏR